AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında bağlanmış memorandum üzrə “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsi çərçivəsində tədqiqatlar davam edir.
2022-ci ildən Qarabağ düzənliyində Neolit və Xalkolit dövrü yaşayış məskənlərinin tədqiqini ehtiva edən birgə layihənin Azərbaycan tərəfdən rəhbəri Xəqani Alməmmədov, Almaniya tərəfindən Mark İserlisdir.
İnstitutdan bildirilib ki, bu il arxeoloji qazıntılar Ağcabədi rayonunun Taynaq kəndi ərazisində yerləşən Canavartəpə Xalkolit dövrü yaşayış məskənində aparılıb. Qazıntılar zamanı qazma tipli yaşayış və təsərrüfat qurğuları, dövrün mədəni, iqtisadi, təsərrüfat həyatını özündə əks etdirən yüzlərlə maddi mədəniyyət nümunəsi aşkarlanıb. Ən çox maraq doğuran nümunələr kretulalardır. Kretulalar getdikcə mürəkkəbləşən yazıyaqədərki inzibati sistemdə uçot və təsdiqləmənin təminatı üçün tətbiq olunurdu və onlara Cənubi Qafqazın həmin dövr abidələri içərisində ilk dəfə təsadüf edilir.
Abidəni maraqlı edən digər cəhət onun xronoloji çərçivəsi ilə bağlıdır. Müvafiq analizlərinin nəticələrinə əsaslanaraq Leylatəpə mədəniyyətinə aid ən gec mərhələnin (e.ə. 3920–3430-cu illər) məhz burada qeydə alındığı söylənilə bilər.
Qeyd edək ki, layihə çərçivəsindəki birgə tədqiqatlar iki problem mövzu üzrə aparılır. “Qarabağın Neolit dövrü abidələrinin nisbi və mütləq xronologiyası” mövzusu üzrə tədqiqatlar çərçivəsində 10 abidədən götürülmüş nümunənin İsrail, Almaniya və Polşanın müvafiq laboratoriyalarında C14 analizləri aparılıb və Bayes xronologiyası əsasında Qarabağın Neolit dövrü məskunlaşma dinamikası modelləşdirilib. Tədqiqatlar e.ə. VI minillikdə Qarabağ ərazisində yerli ekoloji xüsusiyyətlərin dərk edilməsinə imkan yaradıb.
İkinci – “Qarabağın Leylatəpə fenomeni” mövzusu üzrə tədqiqatlar isə regiondakı bu mədəniyyətə aid abidələrin öyrənilməsi məqsədi daşıyır. Tədqiqat üçün Leylatəpə və Canavartəpə Xalkolit dövrü yaşayış məskənləri seçilib. İlkin nəticələr olaraq əvvəlki illərdə aparılmış arxeoloji qazıntılardan əldə edilən nümunələr əsasında Qarabağda bu mədəniyyətin mütləq xronoloji çərçivəsi müəyyənləşdirilib, saxsı məmulatı statistik və texnoloji baxımdan öyrənilib, paleoantropoloji, paleozooloji, paleobotanik və s. tədqiqatlar aparılıb.