Rəssamlıq insanın daxili aləmini, hisslərini, düşüncələrini və həyatına dair təcrübələrini rənglər vasitəsilə ifadə etmək sənətidir. Burada rənglər əhəmiyyətli olduğu qədər müəllifin estetik zövqü, mövzuya yanaşması da önəm kəsb edir.

“Uğur sorağında” rubrikasında ötən il Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalının (UİF) mükafatçıları olmuş istedadları tanıtmağa davam edirik. Bu dəfə yeniyetmə rəssam Zəhra Ağayeva haqqında söz açırıq.

Zəhra Amid qızı Ağayeva 2008-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olub. İsmayıllı şəhər İsmayıl Həsənov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alır. Eyni zamanda rayondakı Fazil Əzimov adına Uşaq incəsənət məktəbi rəssamlıq şöbəsinin məzunudur.

Rəssamlığa kiçik yaşlarından maraq göstərib. Deyir ki, ilk dəfə rəssamlıq qabiliyyətini 9 yaşında anasının portretini çəkərək anlayıb: “Bu sahədə qabiliyyətimi görən valideynlərim məni uşaq incəsənət məktəbinə yazdırdılar. Beləcə, rəssamlığın sirlərini öyrənməyə başladım”.

Rəssamların mövzu və maraq dairəsi kimi, janr seçimi də fərqlidir. Zəhra daha çox portret janrına maraq göstərir. Bu sırada tarixi Zəfərimizin qəhrəmanlarının, şəhidlərin portretləri xüsusi yer tutur. Onların şücaətini, Vətən sevgisini, simalarındakı işığı təsvir etməyə çalışır: “Şəhidlərimizə ehtiram, onların analarına olan yanğım məni qəhrəmanlarımızın rəsmlərini çəkməyə sövq etdi. Onların rəsmini çəkdikdən sonra məzarlarını ziyarət edir və əsəri ailələrinə təqdim edirdim. Bu addımım mənə qürur hissi verir. İsmayıllı rayonundan olan 10-dan çox şəhidin rəsmini çəkib ailələrinə təqdim etmişəm”.

Zəhra rayon və ölkə miqyaslı tədbir və müsabiqələrdə iştirak edib. Ən böyük uğurlarından biri ötənilki Uşaq İncəsənət Festivalında olub: “Bu festival mənim üçün xüsusilə yaddaqalan oldu. Final mərhələsində hər kəs 5-10 rəsm gətirdiyi halda mən bir rəsmlə təmsil olundum – Prezidentimiz İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın portreti ilə. Münsiflər heyətinin qərarı ilə 14-17 yaş kateqoriyasında I yerə layiq görüldüm”.

Zəhra bu il türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi ilə əlaqədar “Türk dünyasının mədəniyyət paytaxtı” Anev şəhərində onlayn keçirilən beynəlxalq müsabiqədə və TÜRKSOY-un təşkilatçılığı ilə Türkmənistanın paytaxtı Aşqabadda onlayn gerçəkləşən “Türk dünyası gənc rəssamların gözü ilə” müsabiqəsində I yeri qazanıb.

Gənc rəssam dizayn sahəsinə maraq göstərir. Deyir ki, dizayner işi onun uşaqlıqdan xəyalıdır.

Anası Gülşən Erdoğmuş bu sənətə doğru ilk addımlarından ona dayaq olduğunu bildirir: “Zəhranın rəssamlıq qabiliyyətini 5-6 yaşlarında hiss etdim və onu rəssamlıq kursuna apardım. Sonra incəsənət məktəbində təhsil aldı. Çox şükür, bizim ümidlərimizi doğruldur və bu sahədə çox həvəslə irəliyə addımlayır”.

Biz də Zəhraya gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Nurəddin