Almaniya iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə yardım etmək üçün beynəlxalq iqlim fonduna əlavə 60 milyon avro vəsait ayıracaq.

Bu barədə Bakıda keçirilən COP29-da Almaniyanın Ətraf Mühit və Xarici İşlər nazirlikləri birgə məlumat yayıb.

Alman mediasının məlumatına görə, Almaniya itki və zərərlərlə mübarizədə ən böyük donordur. Bu ölkə 2010-cu ildən etibarən İtki və Zərərlərə Cavab Fondunun layihələrinə, o cümlədən inkişaf etməkdə olan ölkələrin ən həssas icmalarında 45 milyondan çox istifadəçiyə xidmət göstərən 180-dən artıq layihəyə ümumilikdə 1,2 milyard dollar ayırıb.

Bildirilir ki, COP29-da müzakirələrin başlıca məqsədi iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizə üçün qlobal fondun formalaşmasıdır. BMT ekspertlərinin fikrincə, qlobal istiləşməyə uyğunlaşmaq və onun nəticələrini aradan qaldırmaq üçün inkişaf etməkdə olan ölkələrə hər il təxminən 1,3 trilyon dollar lazımdır.