BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində paytaxt teatrları da maraqlı repertuarla çıxış edir. Azərbaycan Dövlət Pantomima Teatrının truppası “açıq qapı” prinsipi ilə növbəti tamaşanı noyabrın 19-da Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində oynadı.

Öz səhnələrində daha minimalist məkan və təqdimat üslubuna öyrəşmiş yaradıcı kollektivin geniş səhnədə çıxışı tam anşlaqla keçdi. Hətta cərgələr arasındakı pilləkənlər, zalın sağ və solundakı əlavə oturacaqlar da dolmuşdu. Binanın həyətində hələ xeyli tamaşaçı yer tapmamaqdan gileylənirdi. Deməli, teatra maraq və gedəcək zaman var. Qalır bilet almaq. Könül istər ki, sənətsevər tamaşaçılarımız təkcə “açıq qapı” günlərində yox, elə kassa qarşısında da belə qələbəlik yaratsınlar.

Mimçilərin oyununa baxmağa gələnlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin nümayəndələri, eləcə də COP29-un qonaqları da vardı.

Tamaşaya gəlincə, Vilyam Şekspirin “Romeo və Cülyetta” faciəsinin pantomim yozumu kollektivin yeni işlərindəndir. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ceyhun Dadaşov, rəqslərin quruluşçusu Əməkdar artist Nargilə Qəribova, rəssamı Xəyyam Səmədovdur. Tamaşanın (eləcə də teatrın) bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadədir.

Hekayət hər kəsə bəllidir: bir-birinə düşmən olan iki ailənin övladları – Romeo və Cülyetta qarşılaşdıqları ilk anda bir-birlərinə aşiq olurlar və beləcə, kədərli sonluqla bitən əhvalatları başlayır.

Bu dəfə mövzunun emosional təsir gücü söz yox, hərəkət idi. 90 dəqiqəlik (pantomim oyunu üçün kifayət qədər uzun zaman olsa da) tamaşada mükəmməl aktyor oyunu hakim idi. Obrazları Əməkdar artist Bəhruz Vaqifoğlu (Ölüm), Elnur İsmayılov (Rahib –Həyat), Oqtay Kazımov (Romeo), Aydan Həsənova (Cülyetta), Elxan Şahaliyev (Kapuletti), Əməkdar artist Səbinə Hacıyeva (Ledi Kapuletti), Nurlan Süleymanlı (Montekki), Solmaz Bədəlova (Ledi Montekki), Əli Əlizadə (Hersoq), Əməkdar artist Nargilə Qəribova (Dayə), Nurlan Rüstəmov (Tibalt), Hilal Dəmir (Merkutsio), Cavad Nuriyev (Benvolio), Elmin Qiyaslı (Paris), Jalə Novruzova və Hüseyn İsmayılov (sakinlər) təqdim etdilər.

Yeni və köhnə nəsil mimçilərin klassik məhəbbət dramına qatmış olduğu dinamik oyun tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.

Həmidə