Metronun “İçərişəhər” stansiyasından çıxıb Filarmoniya bağına tərəf addımlayıram. Uzaqdan pianoda ifa Elza İbrahimovanın “Gedək üzü küləyə” mahnısının sədası qulaqlarıma çatır. Həzin külək royalın səsini şəhərin küçələrinə səpələyir. Səs hərdən daha yaxından, hərdən də uzaqdan gəlir.
Üzüaşağı getdikcə səs daha aydın eşidilir. Məlum olur ki, görkəmli bəstəkarın məşhur nəğməsi Filarmoniya bağında açıq səma altındakı royaldan pərvazlanır. Bakı Abadlıq Xidmətinin (BAX) illər öncə bu bağda quraşdırdığı royal.
Alətin yanına çatanda ifaçı artıq Tofiq Quliyevin əsərinə keçid etmişdi... Elə oradaca düşünürəm ki, BAX, yəqin ki, bu royalı şəhərin mərkəzində quraşdırarkən “sənət gündəlik həyatda olmalıdır” devizini əsas götürüb. Bəlkə də bu royal Bakının bineyi-qədimdən mədəniyyət paytaxtı olmasına işarədir. Yaxud da şəhərimizdə ifaçılıq yolunda ilk addımlarını atanlar üçün musiqi alətinin əlçatan olması məqsədi daşıyır.
Əslində, bu təcrübə bir sıra ölkələrin böyük şəhərlərində mövcuddur. Bəzi ölkələrdə dövlət tərəfindən, bəzilərində isə yerli mesenatların təşəbbüsü ilə park və xiyabanlara alətlər qoyulur.
Yeri gəlmişkən deyək ki, paytaxtımız 2019-cu ildən UNESCO-nun “Yaradıcı Şəhərlər” Şəbəkəsinə daxil edilib və bu royalı da yaradıcı şəhər mühitinin bir atributu kimi qəbul etmək olar. Çünki gün ərzində onlarla insan bu royalda öz bacarığını nümayiş etdirərək açıq hava konserti ab-havası yaratmağa çalışır. İxtisasca musiqiçi olan da var, həvəskar olan da. Günün istənilən saatında, yay-qış fərq etməz, paytaxt sakinləri və şəhərimizin qonaqlarının buradakı eksprompt konsertlərdən həzz almaq imkanı var. Royaldan hətta gecə saatlarında da istifadə mümkündür. Hərdən yağışlı günlərdə biz royalın örtülərək yağışdan qorunduğuna şahidlik edirik.
BAX-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyeva deyir ki, Filarmoniya bağına qoyulan elektroroyal məhz açıq havada istifadə etmək üçün hazırlanan, xüsusi proqram təminatına malik alətdir. “Cadenza” markalı royallar həm elektriklə, həm də günəş enerjisi ilə işləyir. Bu isə əlavə enerji xərclərinin qarşısını almaqla yanaşı, həm də alətlərin istənilən yerə daşınmasına şərait yaradır. Klassik pianodan fərqli olaraq bu aləti kökləməyə də gərək yoxdur. Elektroroyal rütubətə və ultrabənövşəyi şüalara davamlıdır. Bu o deməkdir ki, ilboyu – yağışda, qarda, qızmar günəş altında da həmin alətdə musiqi ifa etmək mümkündür.
Söz düşmüşkən onu da deyək ki, BAX-ın bu diqqətəlayiq təşəbbüsünün davamı olaraq Xankəndi şəhərindəki mərkəzi parkda da belə bir royal qoyulub. Şəhərin bərpa, təmizlik və yaşıllaşdırma işlərini həyata keçirən qurum doğma yurda qayıdacaq sakinlərin mədəni istirahətini də diqqətdə saxlayır.
...Həmin gün Bakı səmasında günəş arabir gözə dəysə də, bağdakı skamyalarda insanlar oturub pianoda ifa edən gənci dinləyirdilər. Yolüstü ötən gənclər və yaşlı insanlar da foto və video çəkiliş edirdilər. Sosial şəbəkələrdə də bu məkandan tez-tez paylaşımlara rast gəlirik.
Royalda ifa edən gənc nədənsə özünü təqdim etmək istəmir. Deyir ki, sadəcə, burada royalı görəndə ifa etmək arzusu yarandı. İfaya başlayanda isə skamyada əyləşənlərdən əlavə buradan ötənlərin ayaq saxlayıb dinləməsi onu çox sevindirir. Peşəkar musiqi ilə məşğul olmasa da, çalğısı bəyənilir və yenidən ifa etməsini xahiş edirlər.
Alətdə ifa etmək üçün növbə gözləyən başqa gənclər var. Birinin əlində nağara da görürəm. Musiqi məktəbində təhsil alan gənclər burada ifa edib tamaşaçı alqışı almaq istəyirlər. Çünki bu çıxışlar onlara böyük konsert hissi yaşadır. Elə bu an royalda Üzeyir bəyin “Sevgili canan” romansı səslənir və yaşlı bir kişi alətin önündə dayanıb vokal imkanlarını nümayiş etdirir. Bundan gözəl nə var ki? Yaşlı, cavan hər kəs ifanı alqışlayır.
İzləyici olan Ramazan dayı deyir ki, Bərdədən gəlib, bir neçə gündür Bakıdadır. Belə bir mənzərəni, xoş atmosferi izləmək ona hədsiz müsbət aura bəxş edir. Artıq iki gündür yolüstü buradan keçəndə ayaq saxlayıb ifaları dinləyir. Sevindirici hallardan biri də odur ki, hər kəs alətə ehtiyatla yanaşır.
Gənc həmsöhbətim isə Tibb Universitetində təhsil alır, asudə vaxtlarında fortepianoda ifa edir. Qaldığı kirayə evdə bu imkan olmadığı üçün vaxt edən kimi gəlib bu alətdə ifa edir, barmaqlarını yadırğamağa qoymur.
Bir sözlə, bu royalda hər kəs ifa edə bilər. İfaçılıq yolunda ilk addımlarını atan da, peşəkarlar da. Peşəkar demişkən, onu da qeyd edim ki, bir müddət əvvəl Əməkdar artist Emil Əfrasiyab da bu royalda ifa edərək instaqram səhifəsində paylaşım etmişdi və onunla birlikdə gənc istedadlar Rauf Hacıyevin “Azərbaycanım” mahnısını səsləndirmişdilər.
Qədim İçərişəhərin qala divarları ilə əhatələnən bu royalda ifa olunan əsərləri qala-şəhərin melodiyası kimi də dəyərləndirmək olar. İnanıram ki, bu royaldan digər böyük şəhərlərimizdə də qoyulacaq və mədəni mühitə bir canlılıq gətirəcək...
L.Azəri