Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində COP29 üçün tərtib olunan repertuardan daha bir konsert təqdim edilib.
Noyabrın 19-da keçirilən konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev, dirijor Əməkdar artist İlahə Hüseynova) və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu (xormeyster Əməkdar artist Naala Baratelia) çıxış edib.
Solistlər Əməkdar artistlər Çinarə Mütəllibova (qanun), Ramil Qasımov (tenor), Almaz Orucova (xanəndə), həmçinin xanəndələr Eldəniz Məmmədov, Rəvanə Qurbanova, Muğam televiziya müsabiqəsinin laureatları Zabitə Alıyeva və Vəfa Vəzirova, beynəlxalq müsabiqələr laureatları Taleh Yəhyayev (bariton), Fəxri Kazım-Nicat (tenor), eləcə də Aidə Rəfiyeva (kamança), Natəvan Həsənova (qanun), Sevinc Səfərova, Ulduz Məmmədova, Fariz Hüseynov (hər üçü kamança), Nərgiz Mütəllibova (fleyta) olub.
Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib.