Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan “Təbiətin səsi” adlı sərgi açılıb.

Sərgidə Gəncədə fəaliyyət göstərən rəssamların, Gəncə Dövlət Filarmoniyasındakı dərnək üzvlərinin, Kəlbəcər şəhər Uşaq incəsənət məktəbinin (Gəncə şəhəri) şagird və məzunlarının əsərləri nümayiş etdirilib.

Noyabrın 25-dək filarmoniyanın Urban Mərkəzində nümayiş etdiriləcək sərginin açılışından sonra Gəncə Dövlət Filarmoniyası Xalq çalğı alətləri orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə konsert proqramı keçirilib.

Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, solistlər Zəminə Mustafayeva, Samirə Hacıyeva, Samir Məmmədov “Gözəl Şuşa”, “Bakı haqqında mahnı”, “Doğma diyar”, “Qarabağ” və “Azərbaycan” mahnılarını ifa ediblər.