Dahi şairin həyatı kino ekranı və balet tamaşasından sonra daha bir yaradıcı təcəssüm tapdı

 

Hər yeni əsərin, üstəlik, opera kimi irihəcmli səhnə əsərinin yaradılışı, ilk nümayişi özlüyündə artıq hadisədir. Bu həftə biz belə bir hadisənin şahidi olduq.

Noyabrın 20-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Siyavuş Kəriminin akademik Rafael Hüseynovun librettosuna bəstələdiyi “Nəsimi” operasının premyerası keçirildi.

Adətən, belə böyük tamaşalar hazırlananda kim bilməsə də, mədəniyyət yazarları bu məsələdən teatrsevərlərdən xeyli tez xəbər tutur və tamaşanın hazırlıq prosesindən, məşqlərindən potensial seyrçi auditoriyasını da agah edirlər. Amma bu dəfə belə olmadı. İstər kütləvi səhnə iştirakçılarının (xor, balet truppası, dəvətli “Natiq ritm” qrupu, xanəndələr və milli musiqi alətləri ifaçıları) sayı, istər müstəqil ariya oxuyan vokal partiyalarının bolluğu, demək olar ki, bütün vokalçıların ariozo və reçitativ ifa etməsi aydın göstərdi ki, opera üzərində uzunmüddətli yaradıcılıq işi aparılıb. Sadəcə, böyük kollektiv mətbuata xəbər-filan sezdirmədən bu işi yerinə yetirməyi bacarıb.

Operanın adını eşidərkən oxucumuz bir an düşünə bilər ki, əgər baş qəhrəman Nəsimidirsə, deməli, tamaşada qəzəllərin oxunduğu muğam parçaları bol olmalı, həm də əsər janrına görə, haradasa, muğam operasına yaxın olmalıdır. Bəli, tamaşada qəzəllər var, amma bəstəkar muğam operası deyil, dünya və milli musiqimizdən bəhrələnərək yalnız bir neçə məqamda milli musiqi alətlərindən əlahiddə istifadə etməklə simfonik orkestrin bütün alət qruplarının maksimal məşğul olduğu klassik opera əsəri yazıb. Tamaşadakı şeirlərin, ariyaların və digər mətnlərin müəllifi isə akademik Rafael Hüseynovdur. Çox maraqlıdır ki, Azərbaycan opera tarixində şair kimi tanınmayan bir neçə ədib çox gözəl opera librettosu ilə yanaşı, ariyaların mətnini də yazıblar. Bunlardan birincisi Məmməd Səid Ordubadi (“Nərgiz” və “Koroğlu” operalarının mətn müəllifi), hələlik isə ən sonuncusu Rafael Hüseynovdur.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevdir. Opera əsərinin ilk dirijoru olmaq həm də bir növ həmin əsərin gələcək taleyini həll etmək deməkdir. Çünki adətən, əsərin ilk musiqi redaktəsinin müəllifi də onun ilk dirijoru olur. Bu baxımdan “Nəsimi” operasının gələcək dirijorlarının bəxti gətirib. Əyyub Quliyev özünəxas mülayim ifa və idarəetmə tərzi ilə operanın musiqi taleyini uğurla həll edib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti İnarə Babayevadır. “Nəsimi” operası, səhv etmiriksə, onun ilk səhnə quruluşu deyil. Heydər Əliyev Sarayının çox böyük səhnəsində opera tamaşasına quruluş vermək, səhnəni doldurmaq asan deyil. Tamaşada həm xorun, həm də balet truppasının (bu yerdə xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və quruluşçu xoreoqraf Əməkdar artist Yuri Lobaçova nizamlı quruluş və kollektivin sığallı çıxışına görə xüsusi təşəkkür), üstəlik, solistlərin, “Natiq ritm” qrupunun, pəhləvanların çıxış etdiyi bazar səhnəsindəki intizamlı ifa, personajların boş qalmaması üçün rolların ikinci planının dəqiq işlənməsi xanım rejissorun uğuru sayılmalıdır.

Bu yerdəcə tamaşanın daha lakonik və birxətli inkişafına xidmət edəcək bir qeydimizi çatdıraq: əsərdə Salnaməçi obrazı var ki, bu rolda Xalq artisti Nurəddin Mehdixanlı çıxış edir. Onun tamaşa başlayandan bitənədək diaqonal üzrə fərqli kulislərdən bir neçə dəfə səhnəni bölərək keçməsi və uca səsi ilə hadisələrin yöntəmini nəql etməsi sanki tamaşanın bütövlüyünü qırır. Nurəddin Mehdixanlı çox xarizmalı və təcrübəli, həm də öz istedadını səsinin ahənginə keçirməyi bacaran aktyordur. Bu səbəbdən də onun səsinin səhnə arxasından, özü də səs effektləri qatılaraq çatdırılması tamaşanın xeyrinə olardı. Üstəlik, belə priyomlar opera, hətta balet tamaşalarında da məqbul sayılır. Maraqlıdır ki, Aqşin Əlizadənin “Nəsimi” baletinin ilk quruluşunda (!) bu priyomdan istifadə edilmişdi və tamaşanın finalında səhnə arxasında şairin qəzəli səsləndirilmişdi.  

İfaçılara gəlincə... Tamaşa opera əsəri üçün məqbul səhnədə oynanılmadığı üçün mikrofon ilə oxuyan vokalçı və xanəndələrin sırf vokal ifa baxımından öz partiyalarının öhdəsindən nə qədər və necə gəldiyini demək çətindir.

Əsas partiyanı Əməkdar artist Ramil Qasımov ifa edirdi. Ramil Qasımovu indiyədək milli opera və Avropa operalarında az seyr etməmişik. Həm də onun baş qəhrəmanı digər şairimiz olan “Vaqif” operasında da baş rolda görmüşük. Düzdür, yaradıcılıq baxımından Molla Pənah Vaqif və İmadəddin Nəsimi heç zaman eyni cərgədə yanaşı dura bilməz. Bununla belə, ifada oxşarlıqlar ola bilərdi, lakin Ramil Qasımovun istedadı, zəhmətsevərliyi bir tərəfdən müəlliflərdən gələn söz və musiqi vəhdəti, digər tərəfdən obrazın fərqli qarşılanmasını təmin etdi. Laməkan mütəfəkkirin vətən sevgisi, fəlsəfi düşüncəsi, əzablara dözümü Ramil Qasımovun ifasında Azərbaycandan Şərqə, Şərqdən də dünyaya yayılan düha kimi təqdim edildi.

Tamaşanın heyəti əsasən teatrın cavan vokalçıları üzərində qurulmuşdu. Dəvətli solistlər – Xalq artisti Teyyub Aslanov (Nəimi) və gənc xanəndə Kamilə Babayeva (Fatimə) obraza həm də aktyor yanaşması baxımından bir qədər zəif təsir bağışlasalar da, bunu debüt faktı kimi yaxşı qiymətləndirmək olar. Teatrın cavan və gənc vokal qüvvəsi – Əməkdar artistlər Anton Ferştandt (Əmir Teymurun vəziri), Tural Ağasıyev (Zahid), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Məlikşüarə) Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı) və Elmir Rüstəmovun (Qazı) ifası tamaşanı təsirli və yaddaqalan etdi.

***

“Nəsimi” operası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bazasında hazırlanıb.

Nümayişdən sonra səhnəyə çıxan libretto müəllifi akademik Rafael Hüseynov tamaşanın çox yığcam maddi resurs, digər teatrların əlbisə köməyi sayəsində ərsəyə gəldiyini vurğuladı. Bu səbəbdən ifaçıların görkəmindəki bir sıra qüsurları (məsələn, məişət və baqi həyat dəyərlərindən qat-qat uca duran Fəzlullah Nəiminin gözqamaşdıran atlas əbası) görməzdən gəlirik.

Tamaşada dekor yoxdur, seyrçi hadisələri səhnənin arxa divarını tutan boyaboy videoinstalyasiyanın fonunda seyr edir ki, bu da Mədəniyyət Nazirliyinin köməyi ilə baş tutub.

***

Yazını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında süjetini əzbər bildiyimiz tamaşaları, ilk notlarından tanıdığımız əsərləri, eyni zamanda milli bəstəkarlıq məktəbimizin yeni böyük həcmli əsərlərini dinləməyi və seyr etməyi özləyən musiqisevərlərin arzusu ilə bitiririk: biz yeni operamız “Nəsimi”ni də doğma teatrın səhnəsində, opera tamaşası üçün daha münasib ortamda və canlı səslərlə dinləməyin arzusundayıq. Hələliksə deyirik: opera səhnəmizə xoş gəldin, “Nəsimi”!

Gülcahan Mirməmməd