Baş direktor: “Şuşa şəhərinin daha böyük coğrafiyada təbliğinə töhfə veririk”

 

ICESCO tərəfindən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ili çərçivəsində “Şuşa – zirvədən uca” kitabı ərəb dilinə tərcümə edilərək çap olunub. Kitabın ərəbcə nəşri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “İRS-Heritage” jurnalı və “PAŞA Holding” MMC-nin dəstəyi ilə ərsəyə gəlib.

“Şuşa – zirvədən uca” kitabı 2022-ci ildə ölkəmizdə elan olunan “Şuşa ili” çərçivəsində hazırlanıb. Həmin ilin dekabrında Bakıda nəşrin ilk təqdimatı olub. Kitab qala-şəhərimizin Qarabağ xanı Pənahəli xan tərəfindən əsasının qoyulduğu dövrdən – 1752-ci ildən günümüzədək keçdiyi tarixə işıq salır. Nəşrdə Şuşanın mədəni həyatı, abidələri, işğal dövründə məruz qaldığı dağıntılar və azadlığa qovuşması zəngin mətn və fotofaktlarla təsvir olunub.

Noyabrın 20-də COP29 çərçivəsində ICESCO-nun pavilyonunda kitabın ərəbcə nəşrinin  təqdimat mərasimi keçirilib.

Tədbirin moderatoru, ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov nəşr haqqında məlumat verib, çıxışçıları təqdim edib.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixindən, mədəni zənginliyindən söz açıb: “Bu il mayın 11-də Şuşa şəhərində “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etdik. Şuşada olarkən yeni yollar, gözəl binalar, əla hotellər və təmir edilmiş muzeylər gördük. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilər kimi, Şuşa şəhərində də böyük bərpa və yenidənqurma işləri həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Şuşanın və işğaldan azad edilmiş digər bölgələrin abadlaşdırılması və müasirləşdirilməsi işində yaxından iştirak edir”.

Kitab haqqında danışan baş direktor onun ərəb dilində işıq üzü görməsinin qədim Şuşa şəhərinin daha böyük coğrafiyada təbliğinə qiymətli töhfə olduğunu deyib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında diqqətə çatdırıb ki, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə qərar ötən ilin 25 sentyabrında Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında qəbul edilib. Bu ilin 11 may tarixində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə Şuşada “İslam dünyasının mədəniyyət paytaxtı – 2024” ilinin açılış mərasimi keçirilib: “Cənab Prezidentin açılış mərasimindəki çıxışında dediyi kimi, “Biz 28 il Şuşasız yaşadıq. Bu işğala baxmayaraq Şuşa öz ruhunu – Azərbaycanın ruhunu qoruyub saxlaya bildi. Şuşa işğaldan azad olunandan sonra ona qayıdanda hər birimiz bunu bir daha gördük”. Bu gün Şuşada genişmiqyaslı yenidənqurma işləri aparılır. Burada əsas məqsəd 30 ilə yaxın işğalın qurbanı olmuş qədim Azərbaycan mədəniyyətinin bərpasıdır. Azərbaycan mədəniyyəti, incəsənəti, irsi bərpa olunur, insanlar öz doğma yurdlarına qayıdırlar. Bu mənada, kitab Ərəb dünyasına Şuşanın nadir mədəni və tarixi irsini kəşf etməyə imkan verəcək. Bu prosesə verdiyi dəstəyə görə Salim bin Məhəmməd əl-Malikə təşəkkürümü bildirirəm”.

Nazir Azərbaycanla ICESCO arasındakı əməkdaşlığın ildən-ilə daha da möhkəmləndiyini bildirib: “Azərbaycanla bu təşkilat arasında səmərəli əməkdaşlığın bir göstəricisi də Bakıda ICESCO-nun regional ofisinin açılmasıdır. Yaxın gələcəkdə regional ofisin açılışı planlaşdırılır. Bundan əlavə, COP29 çərçivəsində ICESCO ilə IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi arasında imzalanmış niyyət protokolu birgə əməkdaşlığımızın genişləndirilməsinə öz töhfəsini verəcək”.

Adil Kərimli çıxışının sonunda kitabın nəşrində əməyi keçənlərə təşəkkürünü bildirib.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, “PAŞA Həyat Sığorta” ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov, “İRS-Heritage” jurnalının baş redaktoru Musa Mərcanlı və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış edərək nəşrin tarixi-mədəni əhəmiyyətindən danışıblar.

Çıxışçılar nəşrin ərəbdilli oxucuların Şuşanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olması baxımından qiymətli mənbə olacağını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, “PAŞA Həyat” və “İRS” nəşriyyat evinin birgə əməkdaşlığı çərçivəsində indiyədək “Şirvanşahların minilliyi”, “Kəlam və fırça”, “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Zəfər salnaməsi”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə – Nizami yurdu”, “Şəki – gözəlliyin sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın qara kitabı” və “Qarabağ – Qələbə yolları ilə”, “Şuşa. Qarabağın ulduzu” və s. kitablar işıq üzü görüb.

N.Məmmədli