Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən COP29-un Yaşıl Zonasındakı “Art Pavillion”da təqdim edilən sərgi ilə tanış olublar.

Məlumat verilib ki, sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “DOST Evi” filialının həssas əhali qruplarına aid benefisiarları (benefisiar – faydalanan, yardım alan) və təlimçilərinin 50-dən çox əl işi nümayiş etdirilir.

Əl işləri sırasında yaşıl dünyaya, ətraf mühitin mühafizəsinin, təbiəti qorumağın vacibliyinə həsr olunmuş sənət nümunələri də yer alıb.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzin benefisiarlarından Müslüm Müslümzadə, Səbinə Əsgərova, Xaliq Şərifov, Səməd Novruzov, Nurlan Əhmədov və Fərid Abdullayevin ifasında konsert proqramı təqdim edilib.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları ilə söhbət edib, xatirə şəkilləri çəkdiriblər.