Alman uşaqlar üçün Azərbaycan nağılı oxunub
Azərbaycanın Almaniyadakı Səfirliyi 35-ci “Berlin Nağıl Günləri” festivalı çərçivəsində Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirib. Səfirlikdən bildiriblər ki, tədbirdə Berlində təhsil alan 100-ə yaxın şagird və onların müəllimləri iştirak ediblər.
Səfirliyin ikinci katibi Günay İsfəndiyarova onlara Azərbaycan barədə məlumat verərək məktəbliləri maraqlandıran sualları cavablandırıb. Ölkəmiz haqqında qısa videoçarx nümayiş etdirilib.
Festivalı keçirən “Märchenland” təşkilatının layihə meneceri Anna Povediç çıxış edərək “Berlin Nağıl Günləri” barədə məlumat verib, Azərbaycan səfirliyinin tədbirdə iştirakına görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli məktəblilərə “Ağ göyərçin” Azərbaycan xalq nağılını oxuyub, uşaqlar üçün musiqi viktorinası təşkil edilib.
Tədbirin sonunda balaca qonaqlara Azərbaycan şirniyyatları və suvenirləri təqdim olunub.
Qeyd edək ki, dünyanın ən böyük nağıl festivalı hesab olunan “Berlin Nağıl Günləri”ndə Azərbaycan səfirliyi ikinci dəfə çıxış edir.