Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “CırtdaNino” tamaşasının premyerasına hazırlaşır. Kollektiv yazıçı Pərvin Nurəliyevanın “Cırtdan” xalq nağılının motivləri əsasında qələmə aldığı pyesin məşqlərini yekunlaşdırmaq üzrədir.

Premyerası 14-15 dekabr tarixlərinə nəzərdə tutulan birhissəli səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova məxsusdur.

Tamaşada Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Elnur Hüseynov, aktyorlar Hüseyn Bayramov, Xaliq Bəkirov, Mətləb Abuşov, Anar Seyfullayev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Aydan Həsənzadə, Ramil Məmmədov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Hökümə Rəhimzadə, Aydın Dəmirov, Müşfiq Əliyev, İlhan Sadıqov, Anar Səfiyev, Araz Pirimov, Mirzə ağa Mirzəyev və Ümman Budaqov iştirak edirlər.

Balaca tamaşaçılar səhnə əsərində Cırtdan və nağılın digər qəhrəmanları ilə yanaşı, yad planetlərdən gəlmiş Nino adlı robotla da tanış olacaqlar. Nino Cırtdanı və onun dostlarını Yer planetindən başqa planetlərə səyahətə aparacaq, alimlərin, oyuncaqların, sülhün var olduğu fərqli dünyalarla tanış edəcək. Həmçinin vaxtilə uşaqların etdikləri yaramazlıqlar səyahətə çıxdıqları planetlərdə müxtəlif forma və hadisələrlə onların qarşısına çıxacaq. Macəralarla dolu səhnə əsəri müasir quruluşla uşaqları yoldaşlığa, dostluğa və sülhə səsləyən mesajlarla zəngindir.