Azərbaycanın mədəniyyətinə itki üz verib. Tanınmış violonçel ifaçısı, pedaqoq, professor, Xalq artisti Rasi Abdullayev 26 noyabr 2024-cü il tarixində, 80 yaşında vəfat edib.
Rasi Mahmud oğlu Abdullayev 6 iyul 1944-cü ildə Bakı şəhərində anadan olub. 1951–1962-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) violonçel ixtisası üzrə (professor Sabir Əliyevin sinfi) təhsil alıb. 1967-ci ildən violonçel ixtisası üzrə konservatoriyada assistent kimi fəaliyyətə başlayıb. 1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspirantı (Mstislav Rostropoviçin sinfi) olub. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasını bitib.
Rasi Abdullayev 1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik orkestrinin solisti kimi fəaliyyət göstərib. Eyni zamanda 1976–1979-cu illərdə Qahirə (Misir), 1987–1994-cü illərdə isə Dəməşq (Suriya) konservatoriyalarında dərs deyib. Sonradan Bakı Musiqi Akademiyasında çalışaraq ölkəmizdə yeni musiqiçi kadrların yetişdirilməsinə öz töhfəsini verib.
Musiqi sahəsinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən Rasi Abdullayev 1991-ci ildə “Əməkdar artist”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin.