Olaylar, faktlar (27 noyabr – 1 dekabr)
171 il əvvəl...
30 noyabr 1853-cü ildə Krım müharibəsi (1853–1856) gedişində Rusiya və Osmanlı donanmaları arasında Sinop döyüşü olub. Bu, dəniz müharibələri tarixində yelkənli gəmilərin iştirak etdiyi sonuncu döyüş idi. Sinop buxtası yaxınlığındakı döyüşdə Rusiya donanması qələbə çalıb. Bununla belə, Rusiya Krım müharibəsini uduzdu.
112 il əvvəl...
28 noyabr 1912-ci ildə Albaniya Osmanlı imperiyasından (1479-cu ildən onun tərkibində idi) müstəqilliyini elan edib. Osmanlı Balkan müharibəsində (1911-1912) məğlub olandan sonra bölgə ölkələri üzərində nəzarəti itirmişdi. Albaniya az sonra İtaliyanın nəzarətinə düşdü.
106 il əvvəl...
1 dekabr 1918-ci ildə Rumıniya torpaqları birləşib. Rumıniya 1878-ci ildə Osmanlı imperiyasından müstəqilliyini elan etsə də, rumın torpaqları birləşməmişdi. I Dünya müharibəsinin yekunlarına əsasən, Transilvaniya, Valaxiya, Bessarabiya, Bukovina birləşdi. 1940-cı ildə SSRİ Bessarabiya və Şimali Bukovinanı Rumıniyadan qopardı (hazırda bu yerlər Moldova və Ukrayna ərazisidir). Bununla belə, dekabrın 1-i Rumıniyada milli bayram – “Birləşmə günü” kimi qeyd olunur.
85 il əvvəl...
30 noyabr 1939-cu ildə SSRİ ilə Finlandiya arasında müharibə başlanıb. Müharibəyə səbəb SSRİ-nin Karel zolağını (indiki Leninqrad vilayətinin bir hissəsi) Finlandiyadan (1918-ci ilədək Rusiya imperiyasının tərkibində olub) geri almaq niyyəti idi. SSRİ müharibəni bir-iki həftəyə bitirməyi planlaşdırsa da, istəyinə 4 ay sonra və böyük itkilər hesabına nail oldu. 1940-cı il martın 12-də imzalanan sülh sazişi ilə Finlandiya bu bölgəni SSRİ-nin ərazisi kimi tanıdı.
81 il əvvəl...
28 noyabr 1943-cü ildə SSRİ, ABŞ və Britaniya dövlət başçılarının Tehran konfransı işə başlayıb. Bu, Stalin, Ruzvelt və Çörçillin ilk görüşü idi. Dekabrın 1-dək davam edən konfransda Almaniyaya qarşı ikinci cəbhənin açılması razılaşdırıldı. Avropada ikinci cəbhə 1944-cü ilin yayında açıldı.
79 il əvvəl...
29 noyabr 1945-ci ildə Yuqoslaviya Xalq Federativ Respublikası (YXFR) yaranıb. Yuqoslaviya ərazisi 5 əsrə yaxın Osmanlı imperiyasının tərkibində olmuş, I Dünya müharibəsindən sonra, 1918-ci ildə Serbiya, Çernoqoriya, Sloveniya, Bosniya və Herseqovina, Makedoniya birləşmiş krallıq (1929-cu ildən Yuqoslaviya) yaradıblar. II Dünya müharibəsindən sonra monarxiyaya son qoyuldu və federativ respublika yarandı. 90-cı illərdə Yuqoslaviya parçalandı və hazırda onun yerində altı dövlət var.
77 il əvvəl...
29 noyabr 1947-ci ildə BMT Baş Assambleyası Yaxın Şərqdəki tarixi Fələstin ərazisində iki müstəqil dövlətin – yəhudi və ərəb dövlətlərinin yaradılması haqqında qətnamə (141 saylı) qəbul edib. Qətnamədən bir neçə ay sonra (1948-ci ilin mayı) birtərəfli qaydada İsrail dövləti yarandı. Ərəb ölkələri onu tanımalıdır və bu günədək davam edən Fələstin münaqişəsi başlandı.
64 il əvvəl...
28 noyabr 1960-cı ildə Fransanın Şimali Afrikadakı müstəmləkəsi (1920-ci ildən) olan Mavritaniya müstəqilliyini elan edib, Mavritaniya İslam Respublikası yaranıb.
36 il əvvəl...
27 noyabr 1988-ci ildə Ermənistan SSR-nin Qafan, Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlı əhalini deportasiya etmək üçün terror və qətllər başlayıb. Üç gün ərzində erməni silahlı dəstələri tərəfindən 30-dan çox azərbaycanlı qətlə yetirilib. Bu hadisədən sonra Ermənistandakı azərbaycanlı əhalinin kütləvi köçü daha da sürətləndi.
9 il əvvəl...
1 dekabr 2015-ci ildə UNESCO Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında (Vindhuk, Namibiya) Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Hazırladı: V.Orxan