Olaylar, faktlar (22 – 26 noyabr)

 

22 noyabr Azərbaycan ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu günün tarixi 22 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsi ilə bağlıdır.

 

131 il əvvəl...

 

25 noyabr 1893-cü ildə türk mədəniyyəti tarixində mühüm hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuduğunu bildirib. İlk olaraq “Tanrı” və “türk” sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.

 

100 il əvvəl...

 

26 noyabr 1924-cü ildə Monqolustan Xalq Respublikasının yarandığı elan edilib. Monqolustan Xalq Xuralı (nümayəndələr məclisi) ölkənin ilk Konstitusiyasını qəbul edib.

 

90 il əvvəl...

 

24 noyabr 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi Cümhurbaşqanı Qazi Mustafa Kamala Atatürk soyadının verilməsi haqqında qanun qəbul edib.

 

81 il əvvəl...

 

22 noyabr 1943-cü ildə Livan müstəqilliyini elan edib. XVI əsrdən 1918-ci ilədək Osmanlı imperiyasının tərkibində olan Livan daha sonra Fransanın mandatı altına keçmişdi. Müstəqilliyin ilk dövrü Livanda xristian-müsəlman toqquşmaları, 1975–1990-cı illər vətəndaş müharibəsi ilə müşayiət olunub. Konfessiyalararası razılaşmaya görə, ölkədə prezident xristian, baş nazir müsəlman-sünni, parlamentin sədri müsəlman-şiə olmalıdır.

 

75 il əvvəl...

 

22 noyabr 1949-cu ildə Sumqayıt şəhərinin yarandığı gündür. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə burada istilik elektrik stansiyasının tikintisi ilə başlanıb. 40-cı illərdə kimya və metallurgiya zavodlarının təməli qoyulub. Şəhərin tikintisində Sovet İttifaqı respublikalarından inşaatçı dəstələr iştirak edib. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.

 

61 il əvvəl...

 

22 noyabr 1963-cü ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində Prezident Con Fitscerald Kennedi qətlə yetirilib. ABŞ-nin 35-ci prezidenti növbəti seçki kampaniyasında iştirak etmək üçün Dallasa gəlmişdi. Prezidenti üç atəşlə qətlə yetirən ABŞ dəniz piyadası Li Osvald iki gün sonra həbsxanaya aparılarkən Kennedinin pərəstişkarı Cek Rubi tərəfindən öldürüldü.

 

49 il əvvəl...

 

25 noyabr 1975-ci ildə Niderlandın Cənubi Amerikadakı müstəmləkəsi (XVII əsrdən) olan Surinam dövlət müstəqilliyini elan edib.

 

21 il əvvəl...

 

23 noyabr 2003-cü ildə Gürcüstanda parlament seçkiləri (2 noyabr) ilə bağlı etiraz  aksiyaları Prezident Eduard Şevardnadzeni istefa verməyə məcbur edib. Mixail Saakaşvili və silahdaşları “məxməri inqilab”la hakimiyyətə gəliblər. Seçkilərin nəticələri ləğv olunub. 2004-cü ilin yanvarında növbədənkənar prezident seçkilərində Saakaşvili, mart ayında yeni parlament seçkilərində isə onun tərəfdarları qalib gəliblər.

Hazırladı: V.Orxan