Olaylar, faktlar (19 – 21 noyabr)

 

20 noyabr Dünya Uşaq Günüdür (Universal Children’s Day). 1989-cu ilin 20 noyabrında “Uşaq hüquqları haqqında Konvensiya”nın qəbulu ilə bağlı BMT Baş Assambleyası tərəfindən təsis edilib.

21 noyabr “Dünya televiziya günü” kimi qeyd olunur. 1996-cı il noyabrın 21-də BMT-də ilk dəfə Dünya Televiziya Forumu keçirilib. Həmin hadisə ilə bağlı BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1996) bu gün təsis edilib.

 

106 il əvvəl...

 

19 noyabr 1918-ci ildə Azərbaycan Milli Şurasının Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Cümhuriyyət Parlamentinin (Müəssislər Məclisi) çağırılması barədə qərar qəbul edilib. Parlamentin 120 deputatdan ibarət olması qərara alınıb: 80 yer müsəlman (azərbaycanlı) əhaliyə, 21 yer erməni əhalisinə, 10 yer ruslara, 4 yer milli azlıqlara (alman, yəhudi, gürcü, polyak), 5 yer neft sənayeçiləri və həmkarlar ittifaqlarına ayrılıb. Qərara əsasən, müsəlman fraksiyasının 44 nəfərini Milli Şuranın üzvləri təşkil etməli, 36 deputat əlavə olaraq şəhər və qəzalardan seçilməli idi. Parlament 7 dekabrda fəaliyyətə başladı.

 

79 il əvvəl...

 

20 noyabr 1945-ci ildə Nürnberq şəhərində faşist Almaniyasının ələ keçmiş rəhbərləri üzərində məhkəmə başlanıb. 1946-cı il oktyabrın 1-də başa çatan məhkəmədə 12 nəfər barəsində ölüm hökmü (asılmaqla) çıxarıldı. Məhkəmənin qərarı 1946-cı il oktyabrın 16-da icra olundu.

 

33 il əvvəl...

 

20 noyabr 1991-ci ildə erməni silahlı dəstələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçirib. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu “Mi-8” vertolyotu raketlə vurulub. Vertolyotda olan 22 nəfər, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfü Hacıyev, SSRİ xalq deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, DQMV prokuroru V.Plavski, Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya və Qazaxıstanın müşahidəçilər qrupunun rəhbərləri, jurnalistlər həlak olmuşdu. Faciə ilə bağlı Azərbaycanda üçgünlük (21–23 noyabr) matəm elan edilib.

 

32 il əvvəl...

 

21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilib. Təsis konfransında partiyanın məramnamə və nizamnaməsi qəbul olunub, rəhbər orqanları seçilib. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev YAP-ın sədri seçilib.

 

22 il əvvəl...

 

21 noyabr 2002-ci ildə NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Praqa (Çexiya) sammitində yeddi ölkənin – Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya, Litva, Latviya və Estoniyanın alyansa dəvət olunması barədə qərar qəbul edilib. Sözügedən ölkələr 2004-cü ilin aprelində NATO-ya tamhüquqlu üzv oldular. Bu, SSRİ-nin süqutu və sosializm düşərgəsinin dağılmasından sonra alyansın Şərqə doğru ikinci genişlənməsi (1999-cu ildə Çexiya, Polşa, Macarıstan NATO-ya daxil olmuşdu) idi.

 

4 il əvvəl...

 

20 noyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq otuz ilə yaxın erməni işğalı altında qalan Azərbaycanın Ağdam şəhəri və Ağdam rayonunun kəndləri azad edilib.

Hazırladı: V.Orxan