Azərbaycan
15 noyabr 1927 – Xalq artisti, rəqqasə Xumar Rza qızı Zülfüqarova (1927 – 2.7.2017) Bakıda doğulub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri olub. Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.
15 noyabr 1928 – Görkəmli rəssam Cahid Camal (1928 – 17.6.2011) Ağdamın Gülablı kəndində doğulub. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunu bitirdikdən sonra Rusiyada yaşayıb, teatrlarda dekorçu, kitab qrafikası sahəsində illüstrator kimi də tanınıb. XTNS-də Azərbaycan pavilyonunun baş rəssamı işləyib. Rusiyanın Əməkdar rəssamı olub.
15 noyabr 1933 – Ədəbiyyatşünas, professor Firudin Cəlal oğlu Hüseynov (1933 – 31.8.1986) anadan olub. BDU-nun Filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.
16 noyabr 1938 – Azərbaycan teatrının görkəmli nümayəndəsi, aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Əbdülrəsul oğlu Şərifzadə (9.3.1893 – 1938) repressiyaya məruz qalaraq güllələnib.
16 noyabr 1995 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (25.12.1941 – 1995) vəfat edib. Gəncə, Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.
16 noyabr 2021 – Əməkdar artist, tanınmış aktyor Məcnun Salam oğlu Hacıbəyov (5.10.1935 – 2021) vəfat edib.
16 noyabr 2021 – Tanınmış heykəltaraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Əli oğlu Qurbanov (19.10.1962 – 2021) vəfat edib.
17 noyabr 1906 – Dünyaşöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 – 9.9.1991) Şuşada anadan olub. “Azərbaycan xalçalarında ornament”, “Azərbaycan xalçası” çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub.
17 noyabr 1933 – Əməkdar incəsənət xadimi, pianoçu Gülarə Əziz qızı Əliyeva (1933 – 27.7.1991) Bakıda doğulub. “Dan ulduzu” instrumental ansamblının qurucusu və rəhbəri olub. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir. Mədəniyyət və İncəsənət Universitetində Musiqi nəzəriyyəsi kafedrasının müdiri olub.
17 noyabr 1954 – Əməkdar mədəniyyət işçisi Zemfira Baba qızı Babayeva (1954 – 20.7.2021) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında işləyib. Bakı Bələdiyyə Teatrında truppa müdiri olub.
17 noyabr 1978 – Əməkdar artist Səməd Əmiraslan oğlu Tağızadə (1907–1978) vəfat edib. Gəncə Dövlət Dram Teatrında aktyor, truppa müdiri işləyib.
17 noyabr 2006 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 – 2006) vəfat edib.
18 noyabr 1990 – Tanınmış aktyor Əfrasiyab Əli oğlu Məmmədov (19.3.1928 – 1990) vəfat edib. “Qızmar günəş altında”, “Koroğlu”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.
18 noyabr 1994 – Görkəmli teatrşünas, publisist, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (25.3.1897 – 1994) vəfat edib.
18 noyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 – 2000) vəfat edib. Musiqili komediyaların, populyar mahnıların müəllifidir, çoxsaylı filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi yazıb.
18 noyabr 2023 – Xalq rəssamı, heykəltaraş Akif İzzətulla oğlu Əsgərov (1.5.1940 – 2023) vəfat edib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olub.
19 noyabr 1907 – Xalq artisti Kseniya Lvovna Babiçeva (1907–1984) anadan olub. 1938-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.
19 noyabr 1915 – Bəstəkar, tarzən Hökümə Yusif qızı Nəcəfova (1915–2002) Bakıda anadan olub. “Kaş ki, gözəl olmayaydım”, “Ceyran balası” və s. populyar mahnıların müəllifidir.
19 noyabr 1934 – Tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Qobustan abidələrinin tədqiqatçısı Firuzə Məmmədrza qızı Muradova (1934 – 16.1.2024) Bakıda anadan olub.
19 noyabr 1935 – Dilçi alim, AMEA-nın müxbir üzvü Zemfira Nadir qızı Verdiyeva (1935 – 8.11.2010) anadan olub. German dilləri üzrə elmlər doktoru olmuş ilk azərbaycanlı alimdir. Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) rektoru olub.
19 noyabr 1946 – Populyar müğənni Hüseynağa Məmməd oğlu Hadıyev (1946 – 12.1.1994) Bakıda doğulub. “Dan ulduzu” ansamblının solisti olub.
19 noyabr 2022 – Əməkdar mədəniyyət işçisi, teatr xadimi Natiq Məmməd oğlu Gülməmmədov (10.6.1955 – 2022) vəfat edib.
Dünya
15 noyabr 1862 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Hauptman (Gerhart Johann Robert Hauptmann; 1862 – 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanlarının, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.
16 noyabr 1895 – Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith; 1895 – 28.12.1963) anadan olub.
17 noyabr 1895 – Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895–1975) anadan olub.
18 noyabr 1786 – Alman bəstəkar və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber; 1786–1826) anadan olub.
18 noyabr 1860 – Polyak bəstəkarı və pianoçusu İqnasi Paderevski (Ignacy Padereweski; 1860–1941) anadan olub.
18 noyabr 1927 – Rusiya kinorejissoru, ssenarist, SSRİ Xalq artisti Eldar Ryazanov (1927 – 30.11.2015) anadan olub. Filmləri: “Avtomobildən qorun!”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal” və s.
19 noyabr 1528 – İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528–1588) anadan olub.
19 noyabr 1900 – Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers – əsl adı Netty Reiling; 1900–1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.
19 noyabr 1903 – Məşhur baletmeyster və pedaqoq, SSRİ Xalq artisti Asaf Mixayloviç Messerer (1903–1992) anadan olub.
Hazırladı: V.Orxan