Qazaxıstan birinci ratifikasiya edib
Qazaxıstanda parlamentin aşağı palatası – Məclis “Rus Dili üzrə Beynəlxalq Təşkilat haqqında” müqaviləni ratifikasiya edib. MDB çərçivəsində yaradılan təşkilatla bağlı müqavilə ilk olaraq Qazaxıstan parlamentindən keçib.
Rus Dili üzrə Beynəlxalq Təşkilat (Международная организация по русскому языку – МОРЯ) 2022-ci ildə gündəmə gəlib. Rus dilinin dəstəklənməsi və təbliği məqsədi daşıyan təşkilatın təşəbbüsçüsü Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev olub. Rusiya Prezidenti Vladimir Putin isə təşkilatın qərargahının Soçi şəhərində yerləşdirilməsini təklif edib.
2023-cü il oktyabrın 13-də MDB-nin Bişkek sammitində 7 ölkə – Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən təşkilatın yaradılması haqqında saziş imzalanıb. Həmin il MDB çərçivəsində “Millətlərarası ünsiyyət dili kimi rus dili ili” elan olunmuşdu.
Təşkilatın nizamnaməsində onun yaradılma məqsədi kimi müqavilə tərəfləri arasında dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi; millətlərarası harmoniya, etimad və anlaşma prinsiplərinə əsaslanan rus dilinin dövlətlərarası ünsiyyət dili və ünsiyyət vasitəsi kimi saxlanılması və təşviqi kimi məsələlər qeyd olunub.