Türkiyə Böyük Millət Məclisinin (TBMM) arxivlərində saxlanılan 30 milyon sənəd vahid rəqəmsal platformaya yüklənəcək. Bu məqsədlə TBMM-də kağızdan istifadəni minimuma endirəcək “Elektron Parlament” layihəsi həyata keçirilir.
Mütəxəssislər artıq 12 milyon sənədi rəqəmsallaşdırmağa nail olublar və ilin sonuna kimi daha 1 milyon rəqəmsal nüsxə yaradılacaq.
Açıq arxiv sənədlərinin axtarışını asanlaşdırmaq üçün “Elektron Parlament” portalı tələb olunan qanunu, TBMM-in qərarlarını və ya qanunvericilik səviyyəsində baxılan qanun layihələrini, parlament komissiyaları, eləcə də jurnallar, qəzetlər, kitablar haqqında və sairə məlumatları çevik tapmağa imkan verən xüsusi filtrlə təchiz edilib.
Bundan əlavə, yeni portal vasitəsilə 2007-ci ildən başlayaraq ölkə miqyaslı çap nəşrlərinin elektron versiyalarına daxil olmaq mümkündür. Sistemə 116 müxtəlif nəşrin 5 milyona yaxın elektron versiyası yüklənib. Eyni zamanda hər kəs 294 jurnalın elektron versiyalarına daxil ola bilər.
Qeyd edək ki, əgər əvvəllər TBMM arxivi Türkiyədə bütün milli çap nəşrlərinin gündəlik nüsxələrini alırdısa, 2024-cü il oktyabrın 1-dən arxiv idarəetmə sisteminə qəzetlərin yalnız elektron variantları yüklənir.