ABİ-nin 90 illiyi münasibətilə konsert

 

Bu il Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 90 illik yubileyidir. Yubiley münasibətilə silsilə tədbirlər, o cümlədən konsert proqramları təşkil edilir.

ABİ-nin 90 illiyinə həsr olunan daha bir konsert noyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib. Bu dəfə proqramda ölkə bəstəkarlarının yeni əsərləri yer alıb.

Konsertdən əvvəl Mədəniyyət Nazirliyinin ittifaqın yubileyi ilə bağlı ABİ sədri, Xalq artisti Firəngiz Əlizadəyə ünvanlandığı təbrik məktubu oxunub.

Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas Leyla Zöhrabova çıxış edərək Bəstəkarlar İttifaqının yaranması və fəaliyyətindən geniş danışıb, yubiley ilinin tədbirləri haqqında məlumat verib.

Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) çıxış edib. Dirijor Mustafa Mehmandarovun idarə etdiyi orkestrin ifasında Cahangir Zülfüqarovun “Çağırış” uvertürası, Azər Dadaşovun 16 nömrəli “Heydər” simfoniyası (Ümummilli liderin 100 illiyinə həsr olunub), Dadaş Dadaşovun tar və orkestr üçün konserti,  Sərdar Fərəcovun “Türk rəqsi”, C.Allahverdiyevin “Tac-Mahal” baletindən fraqmentlər, Yaşar Xəlilovun “Naxçıvan kapriççiosu” (Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub), Vasif Allahverdiyevin “Aşıqsayağı”, Lalə Cəfərovanın  “Sumela” simfonik poeması və  Məmmədağa Umudovun  “Simfonik rəqs” əsəri səslənib.

D.Dadaşovun “Tar və orkestr üçün konserti”nin solo hissəsini respublika və beynəlxalq müsabiqələr laureatı Sənan Hacılı ifa edib.

Qeyd edək ki, konsert proqramındakı əsərlər ilk dəfə ifa olunub.

Gülcahan