“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində ilk konsert Qara Qarayevin Ev-Muzeyində olub. Musiqisevərlər bəstəkar, pianoçu Nigar Süleymanın ifasını dinləyiblər.

Tədbirdə əvvəlcə “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi Mədinə Səlimova Azərbaycanın zəngin musiqi mədəniyyətinin gənc nəslə çatdırılması və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, yeni layihənin məqsədi gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.

Daha sonra Nigar Süleyman görkəmli bəstəkarlar Qara Qarayev və Vaqif Mustafazadənin əsərlərini, eləcə də özünün bəstələrini ifa edib.

Nigar Süleyman Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dirijorluq, bəstəkarlıq və nəzəriyyə ixtisasları üzrə təhsil alıb. Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirib. Bir sıra festival və müsabiqələrin iştirakçısıdır.