Moskva Millətlər Evində Azərbaycanın ənənəvi kəlağayı sənəti və simvolikasının Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
“Qədim Azərbaycan adət-ənənələrinin dirçəlişi – kəlağayı” adlı tədbirin qonaqlarını Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (MMM) sədri Bəxtiyar Həsənov, sədr müavini Həşim Əliyev salamlayıblar.
Tədbirə videobağlantı vasitəsilə qoşulan Bakı Dövlət Universitetinin professoru və kafedra müdiri, “Kəlağayı” kitabının müəllifi Rəna İbrahimbəyova bu sənət barədə maraqlı məlumatları diqqətə çatdırıb.
Tədbirin təşəbbüskarı kimi Moskva Azərbaycanlılarının MMM Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova çıxış edib və bu unikal yaylıq haqqında hekayəni tamamlamaq üçün Şəkidən qonaq rəssam və dizayner Cəmilə Hacısəmədzadəni səhnəyə dəvət edib. Onun təqdimatı da maraqla qarşılanıb.
Sazın müşayiəti ilə Azərbaycan xalq mahnılarının ifaçısı Təranə Gədəbəyli, Leyla Yusifova, Gülnur Alışeva, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti, türkmən dili müəllimi Maya Klıçyova, şair-tərcüməçi Afaq Şıxlı öz məharətlərini nümayiş etdiriblər.
Sonda Bəxtiyar Həsənov “Qadın ipək baş geyiminin istehsalı və daşınmasının ənənəvi mədəniyyəti və onun simvolikası” müsabiqəsinin qaliblərinə diplomlar təqdim edib.
Tədbirdə Azərbaycanın kəlağayı, suvenir və dekorativ sənət nümunələrindən ibarət sərgi də təşkil olunub.