Postprodakşn mərhələsində olan daha bir film

 

Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi “Postprodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qaliblərindən biri də “Geri dönüş” tammetrajlı sənədli filmi üzərində işlər yekunlaşır.

Hazırda filmin rənglənmə və musiqi tərtibatı prosesi davam etdirilir. “Geri dönüş”ün yaxın zamanda təqdimatı planlaşdırılır.

Filmin ideyası, rejissoru və ssenari müəllifi Elməddin Alıyev, operatoru Vasif Vəlizadə, prodüserləri Elməddin Alıyev və Emil Nəcəfovdur.

Elməddinin arıçılıqla məşğul olan atası Aftandil kişi və ailəsi 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüb. O zaman Aftandil kişinin bütün arı təsərrüfatı, pətəklər Laçında qalıb. Ailə daha sonra Azərbaycanın müxtəlif bölgələrində arıçılıqla məşğul olub. Nəhayət, 30 ildən sonra ata öz arılarını götürüb el-obasına geri dönüb. Filmdə ailə üzvlərinin işğaldan azad olunandan sonra ilk dəfə öz evlərinin qalıqlarını görməsi ilə bağlı kadrlar da yer alıb.

“Karvan production”ın istehsalı olan filmə “Rakurs Film Media” və “Qardaşlar Mebel” şirkətləri dəstək göstərib.