Orada olmadığını bilə-bilə...

 

“Təəssüf edirəm ki, “Politico Europe” Azərbaycandan üzr istəmək və saxta xəbər məqaləsini geri götürmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir”.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu “X” səhifəsindəki paylaşımında yazıb.

“Politico”nun məqaləsində yerli mediaya istinadən verilən “Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal edib” fikrinə toxunan Prezidentin köməkçisi diqqətə çatdırır ki, qeyd edilən fakt idxal deyil, dəyişdirmə əməliyyatıdır: “Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur”.

Hikmət Hacıyev həmçinin Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin açıqlamasını diqqətə çatdırıb: “Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır”.

Aİ rəsmisinin bəyanatı tamamilə doğrudur və biz bununla tam razıyıq”, – H.Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan 2024-cü ildə Rusiyadan heç bir qaz idxal etməyib.

“Politico” pişiyin orada olmadığını bilə-bilə qaranlıq otaqda qara pişiyi axtarır. Uyğun bir Azərbaycan atalar sözü var: “Yalançını sona qədər qovmaq lazımdır”.

Xatırladaq ki, H.Hacıyev daha əvvəl də “Politico Europe” nəşrinin “Avropanın Azərbaycan qazı qambiti Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqaləsini dezinformasiya adlandırıb və nəşrdən üzr istəməsini, sözügedən saxta məqaləni geri götürməsini tələb edib. Prezidentin köməkçisi bildirib ki, sözügedən məqalə peşəkar faktların yoxlanılmasından məhrumdur və dedi-qodu, şayiələrlə tamamlanır.

“Avropa jurnalistikasının və media standartlarının belə aşağı səviyyəyə düşməsi, yumşaq desək, biabırçılıqdır. Avropa İttifaqı qlobal media dezinformasiyalarına xüsusi həssaslıq və narahatlıqla yanaşır. Bu, başa düşüləndir! Bəs Avropa mediası saxta xəbərlər və başqaları haqqında yalanlar yaymaqla məşğul olanda reaksiyalar necə olur?” – deyə o, “X” səhifəsindəki hesabında yazıb.