Fransanın La Roşel (La Rochelle) şəhərindəki Assosiasiyalar Birliyinin təşkilatçılığı ilə keçirilən “Les Papilles du monde” festivalında Azərbaycanın bu ölkədəki səfirliyi də iştirak edib.
Fransada fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, eləcə də burada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda ənənəvi mətbəx və mədəni irs nümunələri təqdim edilib.
Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, sənətkarlığı və mətbəxinə dair fransız dilində nəşr etdirdiyi kitablar nümayiş olunub. Milli musiqi alətlərini əks etdirən suvenirlər, milli ornamentlə işlənmiş armudu stəkanlar və nar budaqları ilə bəzədilmiş stendimizin ziyarətçiləri paxlava, şəkərbura, badambura kimi milli şirniyyatlarımıza, eləcə də milli mətbəximizin qutab kimi dadlı təamına qonaq ediliblər.
Ziyarətçilər coğrafiyamızı və milli atributlarımızı əks etdirən afişa vasitəsilə ölkəmizlə yaxından tanış olublar. Festivalın təşkilatçılarına, eləcə də assosiasiya rəhbərlərinə UNESCO-nun siyahısına daxil edilmiş mədəni irs nümunələrimizdən kəlağayı, eləcə də tar və kamança haqqında ətraflı məlumat verilib. Həmçinin xalqımızın çoxəsrlik mədəni adət-ənənələrindən, milli mətbəximiz və geyimlərimizdən danışılıb. Azərbaycan rəqsi təqdim edilib. Rəqs zamanı böyük ekranda Azərbaycanla bağlı videoçarx nümayiş olunub.