Sivilizasiyalar Alyansının X Qlobal Forumu “Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusuna həsr olunub
Noyabrın 26-da Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) “Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda X Qlobal Forumu işə başlayıb.
Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr edilən Qlobal Forum “Tək bəşəriyyət üçün iki onillik dialoq” devizi altında keçirilir.
Açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Portuqaliyanın Prezidenti Marselo Rebelo de Souza, İspaniya Kralı VI Filip, Sivilizasiyalar Alyansının iki təşəbbüskar ölkəsindən biri kimi Türkiyənin XİN başçısı Hakan Fidan, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, müxtəlif ölkələrdən nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.
Ali nümayəndənin dəvəti ilə ölkəmiz də Sivilizasiyalar Alyansının X Qlobal Forumunda təmsil olunur. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli X Qlobal Forumun açılışında iştirak edib. Qlobal Foruma Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də qatılıb.
Forumun proqramına “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda UNAOC Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü, “Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans və digər tədbirlər daxildir.
Qeyd edək ki, 2005-ci ildə Türkiyənin və İspaniyanın baş nazirləri Rəcəb Tayyib Ərdoğan və Xose Luis Sapateronun təşəbbüsü və BMT-nin Baş katibi Kofi Annanın dəstəyi ilə İslam və Qərb dünyası arasında qlobal dialoq məqsədilə qurulan “Mədəniyyətlər İttifaqı” hərəkatı daha sonra BMT yanında beynəlxalq təsisata – Sivilizasiyalar Alyansına çevrilib.
UNAOC-un ilk Qlobal Forumu 2008-ci ildə Madriddə (İspaniya), növbəti Forum 2009-cu ildə İstanbulda (Türkiyə) keçirilib. Daha sonra Sivilizasiyalar Alyansının forumlarına Rio-de-Janeyro (Braziliya, 2010), Doha (Qətər, 2011), Vyana (Avstriya, 2013), Bali (İndoneziya, 2014) ev sahibliyi edib.
BMT-nin Sivilizasiyalar Alyansında 150-dən çox ölkə təmsil olunur. Azərbaycan da bu təsisatda fəal iştirak edir. UNAOC-un VII Qlobal Forumu ölkəmizdə keçirilib. Bu barədə qərar 2014-cü ildə qəbul olunmuşdu.
25–27 aprel 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumu Bakıda təşkil edilib. Foruma dünyanın 140 ölkəsi təmsil olunurdu və bu həmin vaxtadək Azərbaycan paytaxtının ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbir idi.
Bakıdan sonra UNAOC-un VIII Qlobal Forumu isə 2018-ci ildə Nyu-Yorkda keçirilib, IX Qlobal Forumu isə 2022-ci ildə Mərakeşin ev sahibliyi ilə Fəs şəhərində təşkil olunub.