Peşəkar dizaynerlər tərəfindən hazırlanacaq
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin müəyyən etdiyi müasir və yaradıcı baxış strategiyasına uyğun olaraq, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Beyləqan rayon Mədəniyyət Mərkəzində “Sandıq” milli geyimlər studiyası yaradılıb. Noyabrın 26-da “Sandıq” milli geyimlər studiyasının açılışı keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, mədəniyyət xadimləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə slayd vasitəsilə studiyanın fəaliyyəti, məqsədləri və xidmətləri haqqında məlumat verilib. Bildirilib ki, studiyada peşəkar dizaynerlər tərəfindən milli geyimlər hazırlanacaq, əl işi naxışlarla bəzədiləcək.
Qeyd olunub ki, “Sandıq” studiyası milli geyim ənənələrimizin qorunub yaşadılması və təbliği istiqamətində müasir tələblərə uyğun bir mərkəz kimi fəaliyyət göstərəcək. Studiya həm tarixi milli geyimlərin istehsalı və icarəsini təmin edəcək, həm də region əhalisinin milli geyimlərə olan tələbatını qarşılayacaq.
Daha sonra qonaqlar milli geyim nümunələri ilə tanış olublar.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq rəssamı Arif Hüseynov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək belə bir mərkəzin yaradılmasının Azərbaycan xalqının tarixi-mədəni yaşam təcrübəsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, qloballaşmanın mədəni ənənələri sıxışdırdığı müasir dövrdə bu cür təşəbbüslər milli dəyərlərin yaşadılması üçün vacibdir.
Tədbir çərçivəsində tar və kamançanın müşayiətində milli musiqilərimiz səsləndirilib.
Sonda Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı çıxış edərək “Sandıq” studiyasının yaradılmasına dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirib.