Sizə kimdən deyim, kimdən danışım – bapbalaca Mətindən. O, hələ məktəbə getmirdi. Həm evlərində, həm də yaşadığı məhəllədə hamıdan kiçik olduğu üçün hər kəsin sevimlisi idi. Şirin dili, bəzən uşaqlar tərəfindən anlaşılmayan fərqli hərəkətləri onu daha çox sevdirirdi.

Qış səhəriydi. Hər tərəf ağ rəngə boyanmışdı. Qar hələ də aravermədən yağırdı. Uşaqların sevincinin həddi-hüdudu yox idi, səs-küyləri həyəti bürümüşdü. Kimi qartopu oynayır, kimi “şaxtababa” düzəldirdi. Lap körpə uşaqları isə valideynləri həyətdə gəzdirirdi.

Balaca Mətin həyətdəki səs-küyə oyanıb pəncərədən boylandı. Qar yağdığını, bütün həyətin ağappaq olduğunu görəndə çox sevindi. Yeməyini yeyib tez həyətə qaçdı. O, balaca dostları ilə qartopu oynadı. Böyük “şaxtababa” düzəldib ətrafında doyunca oynadılar. Mətin birdən üşüdüyünü, əllərinin sanki donduğunu hiss elədi və ağlayaraq evlərinə qaçdı. Bu balaca oğlan nə qədər üşümüşdü ki, soyuqdan tir-tir əsirdi. Hətta səsi də titrəyirdi. Tez gəlib sobanın yanında qızınmağa başladı.

Artıq hava qaralırdı. Ağacların üzərində, evlərin dam örtüyündəki qar gözəl xalıya bənzəyirdi. Qar həm də ətrafı işıqlı göstərir, əsrarəngiz mənzərə yaradırdı.

Sobanın yanından çəkilmək istəməyən Mətin axşam yeməyini yeyib yatmağa hazırlaşırdı. Valideynləri birdən onun nə isə düşünüb qaşlarının çatıldığını gördülər. Babası, nənəsi, ata-anası onun bu halı ilə maraqlandılar.

Mətin isə düşündüklərini kövrək səslə əzizlərinə dedi:

– Çöldə soyuqdu, “şaxtababa” üşüyəcək, onu gətirək sobanın yanına. Mənim kimi o da qızınsın. Yoxsa soyuqdan xəstələnəcək...

Evdəkilər onun bu sözünə əvvəlcə xeyli güldülər. Sonra isə Mətini başa salmağa çalışdılar ki, qarı evə gətirmək olmaz, onu evə gətirən kimi əriyər, “şaxtababa” canlı deyil, o üşümür. Valideynləri nə qədər çalışsalar da, bir nəticəsi olmadı.

Mətin gecəyarısına kimi “şaxtababa”nı sobanın yanına gətirmək üçün yollar axtara-axtara yuxuya getdi.

Yenə gözəl bir qış səhəri... Hava tərtəmiz və bir qədər də mülayim. Qar və gecə şaxtanın yaratdığı buzlar yavaş-yavaş əriyib suya dönürdü. Artıq Mətinin sevimli “şaxtababa”sı da əriyib qurtarmışdı.

Mətin yuxudan oyanan kimi əl-üzünü yumadan pəncərədən həyətə boylandı görsün “şaxtababa”sı üşümür ki? “Şaxtababa”nın əriyib yox olduğunu bilən Mətin birdən var gücü ilə qışqırıb ağlamağa başladı. Sürətlə həyətə qaçdı. Ağlaya-ağlaya dedi:

– “Şaxtababa”ma soyuq oldu, o, xəstələndi. Evə aparıb sobanın yanına qoysaydım, xəstələnməzdi, əriməzdi!

Nə valideynləri, nə də həyətdəki dostları Mətini başa sala bilmirdilər ki, qarı evə aparmaq, sobada isitmək olmaz.

Onun bu şıltaqlığına həyətdəki dostları və valideynləri həm gülür, həm də baş verənləri anlatmağa çalışırdılar. Mətin isə kimsəyə məhəl qoymur, elə hey “şaxtababa”sının yoxluğuna təəssüflənirdi...

Balaca Mətin haqqındakı nağılımız burda bitdi.

Əziz balalar, göydən üç alma düşdü. Gəlin, üçünü də Mətinə verək ki, yeyib tez böyüsün. Anlasın ki, qar, buz istiliklə yola getməz. İsti soba onları bir göz qırpımında suya döndərər...

Məryəm Əliyeva
Kürdəmir rayon MKS-nin baş biblioqrafı