X Qlobal Forum çərçivəsində keçirilən qlobal konfransda nazir Adil Kərimlinin məruzəsi dinlənilib
26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) X Qlobal Forumu keçirilib.
“Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” devizi altında Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunan forum çərçivəsində noyabrın 27-də “Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil edilib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda çıxış edib.
Nazir konfransda təqdim olunan UNAOC-un “Dini Yerlərin Qorunması üzrə Fəaliyyət Planı: Təhlükəsiz və Dinc İbadət üçün Birlik və Həmrəylikdə” adlı hesabatını yüksək qiymətləndirib, Fəaliyyət Planının dini məkanlara qarşı dözümsüzlüklə mübarizədə ən əhatəli sənədlərdən biri olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan Respublikası adıçəkilən Fəaliyyət Planında qeyd olunan mədəniyyətlərarası dialoq üzrə altı ümumdünya forumuna və dini liderlərin üç qlobal sammitinə ev sahibliyi edib. Bundan əlavə, Azərbaycan həm yerli, həm də beynəlxalq miqyasda mədəni və dini irsin qorunmasına öz töhfəsini verir.
Qeyd edək ki, Türkiyənin və İspaniyanın baş nazirləri Rəcəb Tayyib Ərdoğan və Xose Luis Sapatero tərəfindən 2004-cü ildə BMT-nin Baş katibi Kofi Annanın dəstəyi ilə İslam və Qərb dünyası arasında qlobal dialoq məqsədilə “Mədəniyyətlər İttifaqı” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs 2005-ci ildən BMT yanında beynəlxalq təsisata – Sivilizasiyalar Alyansına çevrilib.