Şirvan-Salyan RMİ-nin təşkilatçılığı ilə Salyan Dövlət Rəsm Qalereyası tərəfindən Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Caz rəsmlərdə” yaradıcılıq sərgisi açılıb.

Görkəmli cazmen, bəstəkar, pianoçu, Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin (1940-1979) xatirəsinə həsr olunan sərginin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, rəssamlar, sənətçilər və ictimaiyyət iştirak edib.

Çıxışlarda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin həyat və yaradıcılığı barədə ətraflı danışılıb. Bildirilib ki, Vaqif Mustafazadə dünya caz musiqisinə Azərbaycan muğamının elementlərini daxil edərək bu janra yeni nəfəs gətirib. Onun yaratdığı musiqi üslubu bu gün də yaşayır və Azərbaycan cazı dünyanın müxtəlif ölkələrində böyük heyranlıqla qarşılanır.

Vurğulanıb ki, sərgidə Vaqif Mustafazadə ilə yanaşı, dünya caz ulduzları Frank Sinatra, Nina Simone, Çarlz Lloydin də portretləri yer alıb.

Sonra sərgiyə baxış olub, rəssamlar öz əsərləri barədə izləyicilərə məlumat veriblər.

Sərgi boyu müxtəlif caz kompozisiyaları ifa olunub.

Qeyd edək ki, sərgidə 6 peşəkar, 12 həvəskar olmaqla 18 rəssamın, ümumilikdə 30 əsəri nümayiş olunur. Əsərlər əsasən portret və peyzaj janrındadır.

Noyabrın 30-dək ziyarət üçün açıq olacaq sərgiyə giriş sərbəstdir.