Türkiyənin Eskişehir şəhərində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi və şair Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Proqram Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının əməkdaşlığı ilə ərsəyə gəlib.

Tədbirdə əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.

Mərasimdə çıxış edən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin rəhbəri Arzuman Azaflı və Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı Mikayıl Azaflı yaradıcılığı, onun Azərbaycan mədəniyyəti üçün əhəmiyyəti və aşıq sənətinə verdiyi töhfələrdən bəhs ediblər.

Sonra Azərbaycan və Türkiyənin saz ifaçılarının təqdimatında Aşıq Mikayıl Azaflının əsərləri dinlənilib.