Noyabrın 30-da Azərbaycan Milli Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti və Kastamonu Universitetinin əməkdaşları iştirak ediblər.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Əvvəlcə qonaqlar Milli Kitabxana ilə tanış olublar. Onlar Nadir kitablar və kitabxana muzeyi şöbəsini, Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsini, Açıq kitabxana - sərbəst mütaliə bölməsini, Uşaq bölməsi və uşaq istirahət guşəsini çox bəyəndiklərini bildiriblər.
Dəyirmi masada Milli Kitabxananın direktoru professor Kərim Tahirov Azərbaycan və Türkiyənin elm, təhsil, mədəniyyət sahələrində əlaqələrinin önəmindən danışıb, rəhbərlik etdiyi qurumun qardaş ölkə ilə kitabxana-informasiya fəaliyyəti sahəsində əməkdaşlığı məsələsinə toxunub. Direktor Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə çap olunan 150-dən artıq biblioqrafiyasının və digər nəşrlərinin olduğunu söyləyib.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov çıxışında simpoziumun 2025-ci ildə Türkiyənin Kastamonu Universitetində keçiriləcəyini bildirib.
Simpoziumun Türkiyə tərəfdən həmsədri, Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölməsinin rəhbəri Ahmet Altay iki qardaş ölkənin informasiya və kitabxana işi sahəsində əməkdaşlığının faydalı olacağını, Milli Kitabxana ilə əlaqələri genişləndirərək onlayn platforma vasitəsilə türkiyəli tələbələri Azərbaycan Milli Kitabxanası ilə daha yaxından tanış etmək istədiyini söyləyib.
Milli Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova qonaqlara kitabxananın layihələri, eləcə də “Beynəlxalq musiqi kitabxanası” layihəsi vasitəsilə beynəlxalq musiqi saytı olan “Petruççi musiqi kitabxanası” ilə əlaqəsi, habelə virtual sərgilər, üç dildə elektron məlumat bazaları haqqında ətraflı məlumat verib.
Tədbirin davamında Azərbaycan Milli Kitabxanası haqqında film nümayiş olunub.
Sonda qonaqlara kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Shusha – The star of Karabakh”, “Shusha – cradle of culture and heritage of Azerbaijan”, “The craftsmanship of mother of pearl Inlay” və “Azykh and Taghlar caves” kitabları hədiyyə edilib.
Xatırladaq ki, “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunun açılış mərasimi noyabrın 28-də Bakı Dövlət Universitetində keçirilib.