Ölkə başçısının müvafiq sərəncamı ilə yaradılan və 2024-cü ilin sentyabrında, yeni dərs ilində fəaliyyətə başlayan Qarabağ Universitetinin (Xankəndi) İncəsənət fakültəsində musiqi müəllimliyi, instrumental ifaçılıq, vokal, milli vokal, xanəndəlik və dizayn ixtisasları tədris olunur. Fakültədə 130-a yaxın tələbə təhsil alır.

İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadənin bildirdiyinə görə, tədrisə aralarında Xalq artisti, Əməkdar artistlər də yer alan peşəkar müəllimlər cəlb olunub.

Ötən qısa müddətdə tədris prosesi ilə yanaşı, fakültənin iştirakı ilə mədəniyyət layihələrinə də start verilib, konsert və rəsm sərgisi təşkil edilib.

T.Qasımzadə qeyd edib ki, tələbələrimiz müxtəlif sərgilərdə, konsertlərdə, festivallarda iştirak edir: “Bu hələ başlanğıcdır. Əminəm ki, çox uğurlara da imza atacağıq. Qarabağ Universiteti İncəsənət fakültəsinin adını mədəniyyət sahəsində tez-tez eşidəcəksiniz”.