Yenidən qurulan Cəbrayıl şəhəri dekabrın 2-də daha 34 ailəyə (129 nəfər) qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmilərinin iştirakı ilə ailələrə yeni yaşayış kompleksindəki mənzillərinin açarları təqdim edilib.

ANAMA əməkdaşları tərəfindən sakinlərə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat və müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə həyata keçirilən layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən ümumilikdə təxminən 30 min insan yaşayır.