Yəmən, Mavritaniya və El-Salvadordan diplomatik elçilər gəlib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı COP29 zamanı Yəmənin vitse-prezidenti ilə görüşünü xatırladaraq, bunun əlaqələrimizin tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd edib. Prezident beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin, iqtisadi sahədə, o cümlədən ticarət, sərmayə qoyuluşu və digər istiqamətlərdə imkanların araşdırılmasının zəruriliyini bildirib.

Səfir Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin salamlarını Prezident İlham Əliyevə, həmçinin Yəmən xalqının salamlarını Azərbaycan xalqına çatdırıb. Dövlətimizin başçısı onun da salamlarını Yəmən rəhbərinə çatdırmağı xahiş edib.

Səfir COP29-un çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğulayıb  ki, bu tədbir dövlətimizin başçısının müdrik rəhbərliyini bütün dünyaya göstərib, COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi olublar.

Məhəmməd Saleh Əhməd Turiq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bu yaxınlarda Qarabağa səfərini məmnunluqla xatırlayıb və bundan şərəf duyduğunu deyib. Səfir dövlətimizin başçısının rəhbərliyi ilə orada aparılan bərpa və quruculuq işlərinin böyük heyranlıq doğurduğunu vurğulayıb.

Diplomat iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib. Səfir Yəmənin iqtisadi sahədə də Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu və bununla bağlı ölkəsinin iş adamlarının Azərbaycana səfərinin təşkilinin önəmini qeyd edib.

Hələ sovet dövründə Azərbaycanda Yəməndən çoxsaylı tələbənin təhsil aldığını və həmin mütəxəssislərin müxtəlif sahələrdə Yəmənin inkişafına töhfə verdiklərini deyən səfir yəmənli tələbələrin ölkəmizdə təhsil alması ənənələrinin davam etdirilməsinin vacibliyinə toxunub.

Söhbət zamanı Azərbaycanın və Yəmənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub, iqtisadiyyat, ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə işbirliyi imkanlarının araşdırılmasının vacibliyi bildirilib.

***

Prezident İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin və El-Salvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnamələrini də qəbul edib.