Biləsuvar rayonunda “Hind quşu” festivalı keçirilib. Rayonun Mərkəzi parkında təşkil olunan festivalda Biləsuvarla yanaşı, ətraf rayonlardan yerli və xarici qonaqlar iştirak ediblər.
Festival boyu qonaqlara hind quşu ətindən hazırlanmış müxtəlif təamlar təqdim olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında bildirib ki, artıq 4 ildir keçirilən festival Biləsuvarda turizmin inkişafına maraq oyatmaq baxımından böyük əhəmiyyət daşıyır, eləcə də milli mətbəximizin təbliğinə xidmət edir.
Festivala rəng qatan müxtəlif səpkili tədbirlər, idman oyunları keçirilib, kənd məhsullarından ibarət sərgilər açılıb, rəsm əsərləri nümayiş olunub.
Festivalda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə bədii hissə təqdim edilib.
Salyandan Əməkdar artist Həsənağa Sadıqov adına "Mahirlər" ailə xalq ansamblı, "Cəngi" milli nəfəs xalq kollektivi, Lənkərandan "Nənələr" qrupu, Masallıdan "Halay" folklor kollektivi, İsmayıllıdan "Lahıc" folklor qrupu və solistlər tərəfindən ifa edilən mahnı və rəqs nömrələri festival iştirakçılarında xoş ovqat yaradıb.