Şəhid mayora həsr edilən tamaşanın premyerası olub

 

Dekabrın 3-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Adilə Nəzərin “Axirətdən gələn səs” qəhrəmanlıq dramı əsasında hazırladığı “Səs” tamaşasının premyerası keçirilib.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunan tamaşanı rəsmilər, millət vəkilləri, elm və mədəniyyət xadimləri, şəhid ailələri, qazilər və teatrsevərlər izləyiblər.

44 günlük Vətən müharibəsinin şəhid mayoru Vüsal Vəliyevin həyat və döyüş yolundan bəhs edən tamaşaya İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İftixar Piriyev quruluş verib. Avanqard üslubda, “qeyri-səlis təbəddülat” kimi hazırlanan səhnə əsərinin bədii və musiqi tərtibatı, rəqslərin quruluşu da ona məxsusdur.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan tamaşa Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ərazi bütövlüyümüz yolunda canlarını fəda edən oğulların mübarizə amallarını təcəssüm etdirir.

“Səs” xalqımızın əbədi qürur qaynağına çevrilən, şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi mövzusunda tamaşaya qoyulan ilk əsərdir. Səhnə əsərində əsas obrazla yanaşı, Milli Qəhrəmanlar Mübariz İbrahimov, Polad Həşimov və digər Vətən fədailəri ümumiləşdirilmiş Komandir obrazında yad edilir.

Rolları Səmayə Nəbiyeva (Səmayə ana), Samir Əliyev (Vüsal), Əməkdar artist Esmiralda Şahbazova (Mədinə), Niyaməddin Səfərəliyev (İslam), Natiq Həziyev (Milli Qəhrəman), Pərvin Dadaşova (İnci), Anar Həşimov (Elyar), Naibə Nemətova (Afaq), Xədicə Məmmədova (Snayper) və başqaları canlandırıblar.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində müəllim ailəsində anadan olub. 2002–2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005–2009-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.

Vüsal Vəliyev 2009-cu ildə Beyləqan rayonunda N saylı hərbi hissədə xidmətə başlayıb. Tank əleyhinə taqımın komandirliyindən motoatıcı taborun komandiri vəzifələrinə qədər yüksəlib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Murovdağda xidmət edib. Xidmətdə fərqləndiyinə görə bir sıra təltiflərə layiq görülüb.

Vətən müharibəsi zamanı Vüsal Vəliyevin həmlə taborunun komandiri kimi Murovdağdan başlanan döyüş yolu Şuşaya qədər davam edib. Noyabrın 9-da Şuşa ətrafının düşməndən təmizlənməsi zamanı şəhid olub. Dekabrın 14-də Şərur şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

F.Yunisli