Məmmədkamal Kazımovun 95 illik yubileyi qeyd olundu

 

Dekabrın 5-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, tanınmış teatr və kino aktyoru, rejissor Məmmədkamal Kazımovun (1929–2005) 95 illik yubileyinə həsr olunan tədbir keçirildi.

Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan tədbirin iştirakçıları əvvəlcə fondun foyesində sənətkarın ömür yolu və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış oldular.

Əməkdar artist Elnur Kərimov tədbiri açaraq Məmmədkamal Kazımovun yaradıcılığı haqqında danışdı. Diqqətə çatdırdı ki, ömrünün 60 ildən çox dövrünü sənətə həsr edən aktyor canlandırdığı obrazlar qalereyası ilə tamaşaçıların rəğbətini qazanıb. Xeyirxah insan olan M.Kazımov həm də teatr aləminin canlı ensiklopediyası hesab edilirdi. O təkcə Azərbaycan teatrı deyil, dünya teatrı haqqında da çox məlumatlı idi.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov çıxışında dedi ki, M.Kazımov kino sahəsində də uğurla fəaliyyət göstərib. Çəkildiyi filmlərdə epizodik rollar yaratsa da, tamaşaçıların rəğbətini qazanmağı bacarıb. Onun “Bir cənub şəhərində”, “Yol əhvalatı”, “Qətl günü”, “Ümid”, “Mənim ağ şəhərim”, “Şahid qız”, “Güllələnmə təxirə salınır!”, “Qara “Volqa” və s. bədii filmlərdə, eləcə də “Ac həriflər” televiziya tamaşasında həyat verdiyi obrazlar kinosevərlərin qəlbində silinməz iz qoyub.

Xalq artisti Rafiq Əzimov bildirdi ki, teatr sənəti çox çətin olduğu üçün fədakarlıq tələb edir: “Fədakarlıq” kəlməsi Məmmədkamal Kazımova çox yaraşırdı. O, həqiqətən, sənətin fədakarı idi. Sənətə çox gənc ikən gəlmişdi. Qısa vaxt ərzində kollektivin sevimlisi oldu. “Fətəli xan”, ”Arşın mal alan” filmlərində yer alan kütləvi səhnələrdə çıxış etmişdi...”.

Tədbirdə daha sonra Xalq artistləri Həmidə Ömərova, İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Rafiq Quliyev və başqaları çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşdülər. Qeyd olundu ki, M.Kazımov ömrünün son günlərinə qədər teatrdan ayrılmayıb. Sonuncu iş yeri Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən ulduzlar” teatrı olub. Burada baş rejissor kimi fəaliyyət göstərən sənətkar S.Vurğunun “Vaqif”, C.Cabbarlının “Solğun çiçəklər” və başqa əsərlərə quruluş verib.

Çıxışlar arası “Yol əhvalatı”, “O dünyadan salam” və digər filmlərdən fraqmentlər nümayiş olundu.

Sənətkarın ailəsi adından qızı Vəfa Novruzova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

S.Fərəcov