Xəbər verdiyimiz kimi, 1–5 dekabr tarixlərində Şəki şəhəri növbəti beynəlxalq festivala ev sahibliyi etdi.  Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə təşkilatçılığı ilə reallaşan IV Şəki Beynəlxalq Teatr Festivalında ölkəmizdən üç kollektiv (Akademik Musiqili Teatr, Şəki və Gəncə teatrları), həmçinin  Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak edirdi.

Festivalın 4-cü günü Özbəkistan Respublikası Səmərqənd Vilayəti Musiqili Dram Teatrı  “Eşq vadisi” tamaşasını təqdim etdi.

Dahi özbək şairi Əlişir Nəvainin “Quş dili” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Şuxrat Sanaqulov, quruluşçu və geyim üzrə rəssamı Kamoliddin Raxmatov, baletmeysteri Madinaxon Erqaşeva, xormeysteri Aziz Muminov, dirijoru Uktam Tilavovdur.

Sufi ənənələrinə müraciət edilən tamaşada insanlara inamın, mənəviyyatın nə qədər vacib olduğu göstərilir, Allaha sevgi və ona çatmaq arzusu önə çəkilir. Xoreoqrafiya, musiqi, oyun üzərində hərəkət dilində ifadə ilə zənginləşdirilmiş səhnə əsərində rolları  Dilmurad Xamrayev, Şoxsanamxon Oblokulova, Bahraddin Umarov, Çaros Mardanova, Aziza Hotamova və Bobur Toştemirov ifa edirdilər.

Tamaşa ədəbi materialdan irəli gələrək bəsirət gözü (ağıl-idrak gözü, təfəkkür gözü, ibrət gözü) ilə həyata baxış sərgiləyir və bu məqamlar ayrı-ayrı təqdimat keçidləri ilə seyrçidə müəyyən təəssürat yaradır. Sözsüz ki, müasir tamaşaçıya maraqlı ola biləcək quruluş həlli elementləri ilə. Mərifət və irfan yolunun əsaslarına söykənməklə dünya işlərini öyrənməyi bir çağırışa çevirən nümunədə bütün hadisə və təfsilatlar məcazi məna daşıdığından alleqorik xüsusiyyətə malikdir, əsas qəhrəmanları quşlardır. Baş qəhrəmanlar Simurq (anqa) və Hüdhüddür (şanapipik). Bunlardan əlavə, səhnə əsərindəki 4 quş obrazı da tamaşadakı hadisələrin daim mərkəzində görünür.

Dünya insanın Allaha sevgisi üzərində qurulub ideyasını önə çıxaran sufizmə meyilli tamaşa maraqla qarşılandı.

Nümayişin ardınca çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov özbək teatrı təmsilçilərinə təşəkkürünü bildirdi. İcra Hakimiyyəti adından qonaq kollektivə xatirə hədiyyələri təqdim olundu.

***

Dekabrın 5-də, festivalın son günü sənətsevərlər Gəncə Milli Dram Teatrının təqdimatında “Toros canavarı” tamaşasına baxdılar. Tamaşa türk yazıçısı Əziz Nesinin eyniadlı pyesi əsasında hazırlanıb.

Məişət mövzulu komediyaya İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin baş katibi Kubilay Erdelikara quruluş verib. Rejissoru Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa edirdilər.

Şərlənərək həbs edilən “Toros canavarı” ləqəbli qəhrəmanın bəlalı taleyindən bəhs edən səhnə əsəri maraqla izləndi. Süjet xətti ev sahibi və kirayənişinin, vətəndaş və cəmiyyət düzəni çatışmaları üzərində qurulub, hadisələr məzə və ironiyanın hakim olduğu bir dillə nəql edilir. Yumora meyilli şəkili teatrsevərlərin alqışları səhnə işinin uğurlu və təbii alınmasının sübutu idi.

***

Tamaşadan sonra IV Şəki Beynəlxalq Teatr Festivalının bağlanış mərasimi oldu.

Mərasimdə çıxış edən icra başçısı Elxan Usubov festivalın Şəki üçün növbəti sənət bayramı olduğunu dedi. Bildirdi ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki festivallar şəhəri kimi tanınır. Şəkidə keçirilən teatr festivalı da şəhərimiz üçün çox önəmli və məsuliyyətli tədbirdir.

Qeyd etdi ki, budəfəki festival Şəkidə peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub. Şəkinin Azərbaycan teatr sənəti tarixində mühüm yeri var. Şəki Dövlət Dram Teatrı da 145 il əvvəl bu şəhərdə peşəkar teatrın təməlini qoyan sənət fədailərinin layiqli xələfi kimi zəngin yaradıcılıq yolu keçib. İcra başçısı şəkili sənətsevərlərin böyük rəğbətini qazanan teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə və bütün truppaya təşəkkürünü bildirdi.

Qeyd etdi ki, 2014, 2016, 2018-ci illərdə keçirilən Şəki Beynəlxalq Teatr Festivalı sonrakı dövrdə pandemiya səbəbindən təxirə salınsa da, 2024-cü ildə yenidən təşkil edilməsi qərara alındı və bu gün uğurla öz işini bitirir: “Dost, qardaş ölkələrdən təşrif buyuran teatr kollektivlərinin təqdim etdikləri tamaşalar maraqla qarşılandı, teatrlar, yaradıcı insanlar arasında yeni əlaqələrin yaranmasına zəmin yaratdı”.

Avrasiya Teatrlar Birliyinin baş katibi Kubilay Erdelikara, Gəncə Milli Dram Teatrının direktoru Aqil Bəhramlı, Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli çıxış edərək festival barədə təəssüratlarını bölüşdülər, bu kimi tədbirlərin sənət bayramı olduğunu dedilər.

Mədəniyyət Nazirliyi Teatr sektorunun müdiri Böyükxanım Talıbova beş gün ərzində maraqlı tamaşaların nümayiş olunduğunu dedi, bütün iştirakçı kollektivlərə minnətdarlığını ifadə etdi. O, həmçinin ölkələr arasında mədəni əlaqələrin inkişafında teatr sənətinin rolunu qeyd edərək Gəncə teatrının tamaşasının qardaş Türkiyədən dəvət olunan rejissor tərəfindən qurulmasını bu əlaqələrin davamı olduğunu bildirdi. Sektor müdiri festivalın təşkilinə göstərdiyi dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinə təşəkkür etdi, festivala uzun ömür arzuladı və belə tədbirlərin teatr adına böyük uğur olduğunu vurğuladı.

Festivalın son tamaşasını oynamış Gəncə teatrının direktoru Aqil Bəhramlıya və tamaşanın quruluş müəllifi Kubilay Erdelikaraya Şəki Şəhər İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim olundu.

Avrasiya Teatrlar Birliyi adından isə festival tamaşalarının oynanıldığı Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimliyə xatirə hədiyyəsi təqdim edildi.

Mərasim bədii proqramla başa çatdı.

Həmidə Nizamiqızı