Ölkəmizdə səfərdə olan Dağıstan Respublikası (RF) Dərbənd Azərbaycan Dövlət Dram Teatrı dekabrın 9-da Lənkəranda qastrolda olub.
Qonaq teatr Lənkəran Dövlət Dram Teatrında M.Mirtoviçin “Gecə yarısı soyğunçuluq” pyesi əsasında hazırlanmış “Oğru” tamaşası ilə çıxış edib.
Nümayişdən öncə Lənkəran teatrının direktoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova çıxış edərək 120 yaşlı Dərbənd teatrı haqqında məlumat verib, milli teatr ənənələrimizi yaşadan sənət ocağına uzun və səmərəli yaradıcılıq yolu arzulayıb.
Öz növbəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Dağıstanın Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov, baş rejissor, Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev çıxışlarında yenidən Lənkəran Dövlət Dram Teatrında olmalarından məmnunluqlarını bildiriblər.
Sonra səhnə əsəri nümayiş olunub. Birhissəli tamaşanın quruluşçu rejissoru Sərvər Əliyev, quruluşçu rəssamı Dəmir İsakov, musiqi tərtibatçısı Sevda Bəybalayevadır. Rolları Şükufə Məlikova, Mirzəağa Cum-Cum, Osman Mihrabov, Aygün Nəcəfova, Orxan Əliyev ifa ediblər.
Tamaşa teatrsevərlər tərəfindən gur alqışlarla qarşılanıb.