Azərbaycan ədəbiyyatında səlis üslubu, rəvan dili və aydın ifadə tərzi ilə seçilən ədiblərimizdən biri şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayram olub. Yurd, vətən aşiqi olan şairin yaradıcılığı sevgi və səmimiyyətdən yoğurulub.
Görkəmli şairi anadan olmasının 90 illiyi münasibətilə yada saldıq.
Tofiq Qulam oğlu Bayramov (Tofiq Bayram) 16 dekabr 1934-cü ildə Bakının Əmircan kəndində dünyaya göz açıb. Burada orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinə verir. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayır. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləyir...
Tofiq Bayram poeziyaya erkən çağlardan maraq göstərib. Yazıçılar İttifaqında keçirilən poeziya tədbirlərində yaxından iştirak edib. Görkəmli yazıçı və şairlərin yaradıcılıqla bağlı məsləhətini dinləyib. Tələbə ikən özünü büsbütün yaradıcılığa həsr edir. Çətinliklərlə qarşılaşır. Çox keçmir başa düşür ki, poeziyanın yolu heç də hamar olmur...
O, yaradıcılığını oxuculara tanıtmaq və şair qələmini sevdirmək üçün mədəni-kütləvi tədbir və şeir müsabiqələrində yaxından iştirak edir. Bir müsabiqədə oxuduğu “Gərək elə yanım külümdən belə, nəsillər tanısın, Tofiq Bayramam” adlı şeiri maraqla qarşılanır.
Şair yaradıcılığında qadın-ana mövzusuna çox həssaslıqla yanaşıb. “Analıq haqqı”, “Ana sevinci, ana qəzəbi”, “Anam ağlayır”, “Qadınlar və analar haqqında qəsidə”, “Ay gecikən məhəbbətim”, “Qadın ürəyi” və bu kimi şeirlərində qadınları ilhamla vəsf edib. Müəllif “Analıq haqqı” şeirində “Yüz il dayansam da qulluğunda mən, Ay ana, bir günlük haqqın ödənməz” deyir.
Şairin ötən əsrin 70-ci illərində türk müğənnisinə yazdığı şeir Türkiyədə geniş yayılır. Bu, Moskvada bəzi dairələrin etirazına səbəb olur. Bakıya müəllif barəsində “tədbir görülsün” mesajı gəlir. Millətinin söz adamlarını həmişə qorumağı bacaran Ulu öndər Heydər Əliyev yaradıcılığına hörmət bəslədiyi Tofiq Bayramı bu təzyiqlərdən qoruyur.
Tofiq Bayram tərcümə sahəsində də qələmini sınayıb. Keçmiş SSRİ xalqları ədəbiyyatından və xarici müəlliflərdən tərcümələr edib: Aleksandr Tvardovskinin “Üfüqlərdən üfüqlərə”, “Yaddaşın hökmü”, Rəsul Həmzətovun “Durnalar” və “Dostları qoruyun” adlı şeir kitablarını, A.Puşkinin “Motsart və Salyeri”, Anna Axmatovanın “Rekviyem” poemalarını, habelə ispan dramaturqu Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini ustalıqla dilimizə tərcümə edib. Şair eləcə də Y.Yevtuşenko, L.Xaustov, V.Konstantinova, İ.Abaşidze, M.Posxişvili, T.Ciladze və balkar şairi Qaysın Quliyevin sənət əsərlərini Azərbaycan dilinə çevirib. Şair A.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət Mükafatına layiq görülür.
Tofiq Bayramın şeir gülüstanı rəngarəngdir. Burada hər gülün, çiçəyin öz adı və öz ətri var. Xalq şairi Zəlimxan Yaqub çıxışlarının birində deyib: “Tofiq Bayram çiçəkləri şeir kimi, şeiri də çiçəklər kimi sevərdi. Dəfələrlə şairi görüşlərdə güllərin içində itən görmüşəm. Onun görüşlərində gül dəstələrindən dağ yaranardı. Qəribə şeir deməyi vardı. Elə bil yeriyən dağ silkələnir və içində vulkan püskürürdü. Bu püskürən vulkanın nəfəsindən qopan misralar o qədər zərif, həzin olardı ki, adamın yeddi qatından keçərdi. Mürgülü günlərin xiffəti ürəyinə ox kimi sancılardı:
Biz ki unutmuşduq ilk məhəbbəti,
Ah, bu qəfil görüş kaş olmayaydı.
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı”.
Şair məhəbbət mövzusunda əsərlərində bədii təsvir və ifadə vasitələrindən yüksək sənətkarlıqla istifadə edib. Həmin bədii nümunələrdən biri “Qadın ürəyi” şeiridir. Müəllif əsərində qadın qəlbinin böyüklüyü, zənginliyi və mürəkkəbliyini özünəməxsus şəkildə qələmə alıb:
Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir,
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Müəllif bu şeirdə qadın-analar haqqında oxucuların qəlbində sanki sözdən abidə ucaldıb.
Elinə, yurduna ülvi tellərlə bağlı olan şairin dərin duyğulu, poetik mühakiməsi onu daima süni hisslərdən, yarınmaqdan uzaq tutub. O, görkəmli şəxsiyyətlərin, yaradıcı insanların zəhmətini, xalq və vətən qarşısında xidmətlərini yüksək poetik dillə vəsf edib. Müəllif Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr etdiyi “Səttar çələngi” şeirində yazır:
Rəssamlıq İlahi vergiydi səndə,
Bəs necə oxutdun gülü, çiçəyi?!
Görünür, üç ürək varmış sinəndə:
Füzuli, Üzeyir, Səttar ürəyi!
Tofiq Bayramın qəlboxşayan poeziyası bir sıra bəstəkarlarımızın diqqətini cəlb edib. Şairin sözlərinə bəstələnmiş onlarca nəğmə ərsəyə gəlib. Həmin mahnılar uzun illərdir müğənnilərin repertuarında yer alır, dinləyicilərin ruhuna sığal çəkir.
Ürəkaçan, gözoxşayan poetik nümunələri ilə poeziyamıza gözəllik bəxş edən şair 9 aprel 1991-ci ildə vəfat edib, doğulduğu Əmircan kəndində dəfn olunub.
24 sentyabr 1998-ci ildə Əmircanda şairin büstünün və onun adını daşıyan istirahət parkının açılışı olub. Açılış mərasimində iştirak edən Prezident Heydər Əliyev çıxışında deyib: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar bəxş edib. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri, sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirib. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var”.
Tofiq Bayramın yaradıcılığı təzə-tər poeziya çələngidir. Səmimiyyətdən, sevgidən, işıqdan hörülmüş bu çələngin ömrü elə söz ömrü qədərdir...
Savalan Fərəcov