Bölgələrdəki mədəniyyət müəssisələrində Ulu öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilir, mədəniyyətimizin böyük himayədarının tarixdəki misilsiz xidmətləri minnətdarlıqla yad olunur.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar.
Sonda Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
***
Qazax Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi və YAP Qazax rayon təşkilatı birgə “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” mövzusunda tədbir keçirilib. Əvvəlcə “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisinə baxış olub.
Çıxışlarda qeyd edilib ki, Ümummilli lider XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində ölkəmizin tarixində mühüm rol oynamış dahi dövlət xadimi kimi illər keçsə də, hər zaman hörmət və ehtiramla anılacaq. Dahi şəxsiyyətin həm sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı və milli kimliyin formalaşması üçün göstərdiyi müstəsna xidmətlər qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.
Daha sonra Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” filmi nümayiş olunub. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.
***
Tovuz rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Bir xalqın xilaskarı" mövzusunda konfrans keçirilib. Bildirilib ki, xalqın qürur və iftixar mənbəyi olan Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün böyük inkişaf yolundadır. Həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu öndər müasir müstəqil dövlətimizin etibarlı bünövrəsini qoyub. Onun uzaqgörən siyasəti Azərbaycanı böyük bəladan xilas edib. Sonda "Heydər Əliyev və şəxsiyyət" adlı film nümayiş olunub.
***
Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayon mədəniyyət müəssisələrinin birgə iştirakı ilə "Heydər Əliyev xatirələrdə" adlı tədbir keçirilib. Çıxış edənlər istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edə Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyiblər. Qeyd olunub ki, Ulu öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirilir.
***
Quba rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil edilib. Bildirilib ki, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə Ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilib, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoyub.
***
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Sən elə bir zirvəsən...” adlı dəyirmi masa təşkil olunub. Vurğulanıb ki, Ümummilli lider ölkəmizə rəhbərliyinin hər iki dövründə ədəbiyyat və incəsənət xadimlərinə yüksək diqqət və qayğı göstərib.
Sonda Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
***
Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) mühazirə keçirilib.
Əvvəlcə qonaqlar mərkəzin foyesində Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə tanış olublar.
Sonra tədbir dəyirmi masa arxasında davam etdirilib. Çıxışlarda Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixindəki misilsiz rolundan söhbət açılıb.
***
Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evində kənd Uşaq musiqi məktəbi, kitabxana, Rzalar kənd klubu və kənd kitabxanasının birgə təşkilatçılığı ilə “Unudulmaz insan” adlı tədbir keçirilib. Tədbirdə Ümummilli liderin həyat və siyasi fəaliyyətindən ətraflı söhbət açılıb. Sonda şagirdlər dahi siyasətçiyə həsr edilmiş şeirləri qiraət ediblər.
***
Bərdə rayon Heydər Əliyev Mərkəzində “Ömrün zirvəsi – Heydər Əliyev” adlı tədbir təşkil edilib. Qeyd olunub ki, bugünkü müstəqil Azərbaycan məhz Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində dayanır.
Tədbirin sonunda iştirakçılar mərkəzdə nümayiş etdirilən “Heydər Əliyev: Prezidentlik xronikası –1993-2003” adlı sərgi ilə tanış olublar.
***
Astara Dövlət Rəsm Qalereyasında Ulu öndərin anım günü ilə əlaqədar yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib.
Sərgidə yer alan əsərlər Heydər Əliyevin portretlərini, onun həyat və fəaliyyətini əks etdirən rəsm kompozisiyalarını əhatə edib.
***
Astara rayon Heydər Əliyev Mərkəzində “Təhsil millətin gələcəyidir” mövzusunda tədbir keçirilib. Bildirilib ki, Ulu öndərin çoxşaxəli fəaliyyətində təhsil xüsusi yer tutub. Heydər Əliyevin təhsil siyasəti dərin milli mənafelər üzərində qurularaq ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət edib.
Sonra “Ulu öndər Heydər Əliyev və təhsil siyasəti” mövzusunda film nümayiş olunub.
***
Lerik rayon Heydər Əliyev Mərkəzinə Ümummilli liderin anım günü ilə əlaqədar Lerik rayonu Namik Əliyev adına Lüləkəran kənd tam orta məktəbin aşağı sinif şagirdlərinin ekskursiyası təşkil edilib.
Öncə şagirdlər Ulu öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar. Daha sonra məktəblilər böyük siyasətçinin işıqlı həyat yolunu, dövlətçilik fəaliyyətini əks etdirən materiallarla zəngin sərgiyə baxıblar.
***
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Nəbzi Vətənin nəbzi ilə vuran tarixi şəxsiyyət Heydər Əliyev” başlığı altında dəyirmi masa keçirilib.
Çıxışlarda Ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışılıb.
Sonda tələbələrlə mövzu ətrafında diskussiya aparılıb, “Heydər Əliyev və muzeylər” adlı sənədli film nümayiş olunub.
***
Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Lənkəran-Astara Regional Gənclər İdman İdarəsi Yardımlı rayon sektorunun birgə təşkilatçılığı ilə "Tarix yazan dahi şəxsiyyət" adlı tədbir keçirilib.
Çıxış edənlər Ümummilli liderin müstəqil dövlətçiliyimizi tarix səhnəsindən silinmək təhlükəsindən xilas edərək müasir inkişafımızın əsasını qoymasından söz açıblar.
Sonra "Dahi şəxsiyyət" sənədli filmi nümayiş olunub. Qonaqlar "Dahilər unudulmur" adlı sərgiyə baxıblar.
Hazırladı: N.Məmmədli