Dekabrın 12-də Hüseyn Cavidin Ev-Muzeyində Ümummilli lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Öncə tədbir iştirakçıları Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Ulu öndər Heydər Əliyevin xatirəsi Hüseyn Cavidin Ev-Muzeyi üçün ikiqat əzizdir: “Birincisi, xalqımızın Ümummilli lideri kimi, digər tərəfdən dahi şair-dramaturq Hüseyn Cavid şəxsiyyətinə göstərdiyi diqqət və qayğıya görə. Muzeydə hara baxsaq, Heydər Əliyevin imzası, dəst-xətti, gördüyü işlər göz önündə canlanır”.
Sonra muzeyin direktor müavini Lalə Əliyeva, elmi fondlar və kitabxana şöbəsinin müdiri Cəmilə Rzayevanın çıxışları dinlənilib.
Tədbirdə muzeyin ekspozisiyasında Ulu öndər Heydər Əliyevə həsr olunan nəşrlərdən ibarət sərgi də təşkil edilib.