Görkəmli rəssamın ev-muzeyində yubiley sərgisi
Dekabrın 11-də Səttar Bəhlulzadənin Əmircan qəsəbəsindəki (Suraxanı rayonu) ev-muzeyində “Səttarın Füzulisi” adlı sərgi keçirildi.
Sərgi Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin (1909–1974) anadan olmasının 115, dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin (1494–1556) 530 illiyinə həsr olunub.
Muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova sərgi haqqında məlumat verdi. Qeyd etdi ki, Səttar Bəhlulzadənin yaradıcılığında Məhəmməd Füzuliyə, şairin “Leyli və Məcnun” poemasının baş qəhrəmanlarına həsr edilmiş əsərlər xüsusi yer tutur. Sərgidə nümayiş olunan əsərlər şəxsi kolleksiyalarda qorunan nümunələrdir və əksəriyyəti ilk dəfədir təqdim edilir.
Suraxanı rayonunun icra başçısı Adil Əliyev çıxış edərək bildirdi ki, Səttar Bəhlulzadə milli təsviri sənətin inkişafında əvəzsiz rol oynayıb və yaradıcılığı ilə Azərbaycanın mədəni irsinə böyük töhfələr verib. İcra başçısı rəssama aid olan təşəkkürnaməni muzeyə təqdim etdi.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi rəssamlarımızın hər zaman poeziyaya yaxın olduqlarını dedi. Qeyd etdi ki, Səttar Bəhlulzadə Füzulini, sadəcə, sevməyib, həm də onu ruhən daxilində daşıyıb. Füzulinin “Leyli və Məcnun” poemasının obrazlarına həsr etdiyi əsərlər rəssamın şeir dünyasının incəliklərini rənglərlə ifadə etməyə çalışdığını göstərir. Bu əsərlər Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini birləşdirən, poeziyanı təsviri sənətlə vəhdət halında təqdim edən möhtəşəm nümunələrdir.
Daha sonra Səttar Bəhlulzadənin rəsmlərini əks etdirən videoçarx nümayiş olundu.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev söylədi ki, Səttar Bəhlulzadə yaradıcılığı ilə Azərbaycan təsviri sənətində yeni səhifə açıb, milli sənət ənənələrini özünəməxsus üslubu ilə zənginləşdirib.
Tədbirin bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin solisti, xanəndə Məmməd Nəcəfov, Valeh Allahverdiyev (tar) və Fərrux Haşımlı (kamança) Füzulinin qəzəlləri əsasında yazılmış musiqi nömrələri ifa etdilər.
Sonda qonaqlar rəssamın “Şəbi-hicran”, “Füzuli”, “Məcnun”, “Leyli” və s. əsərlərinin yer aldığı sərgi ilə tanış oldular.
N.Məmmədli