Türkiyənin Anadolu Universitetində Azərbaycan şairi, Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “Əli Tudənin anım günü” adlanan tədbir universitetin Nəsirəddin Tusi salonunda təşkil edilib.

Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin rəsmi hissəsində çıxış edən ali təhsil müəssisəsinin professoru, Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin rəhbəri Burhan Sayılır, Eskişehir Azərbaycanlılar Dərnəyi sədri Cavid Aydın və TÜRKSOY-un türkdilli icmalarla əlaqələr şöbəsinin müdiri Cavid Mövsümlü XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Əli Tudənin yaradıcılığı barədə iştirakçılara məlumat veriblər.

Tədbir şairə həsr olunan panel iclasla davam edib.

TÜRKSOY-un əməkdaşı Mehbarə Şahinin moderatorluğu ilə baş tutan paneldə Əli Tüdənin oğlu, Azərbaycan Televiziyasının (AzTV) rejissoru Natiq Cavadzadə, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı Sayman Aruz ölkəmizdə Cənubi Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biri olmuş Əli Tudənin yaradıcılığı ilə bağlı məruzələrlə çıxış edib, iştirakçılarının suallarını cavablandırıblar.