Səməd Vurğunun Ev-Muzeyində “Anamın örtdüyü sarı kəlağayı” adlı tədbir keçirilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində təşkil etdiyi (13 dekabr) tədbir Azərbaycan kəlağayı sənətinin UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınmasının (26 noyabr 2014-cü il) 10 illiyinə həsr olunub.
İctimai birliyin üzvü, şairə Mətanət Ulu Şirvanlı layihə çərçivəsində keçirilən tədbirlərdən, milli-mənəvi dəyərlərin təbliğindən danışıb.
Layihə iştirakçıları kəlağayı, onun hazırlanma prosesi və növləri haqqında məlumat verərək, qonaqları bu bədii nümunələrdən ibarət kiçik sərgi ilə tanış ediblər. İctimai birliyin çap etdirdiyi kitablardan şeirlər qiraət edilib.
Aşıq Nərmin Cəlalın ifasında Səməd Vurğunun “Azərbaycan”, Rəşid Poladın “Gəl” şeirləri, eləcə də “Paşaköçdü”, “İncəgülü” havaları səsləndirilib.