“60 ilə yaxın müəllimlik fəaliyyətimdə 2-3 ildən bir attestasiyanın keçirildiyini görmüşəm və düşünürəm ki, bu proses mütləq olmalıdır”.
Bu fikirləri görkəmli tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyev Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsinə münasibət bildirərkən deyib.
Professor bildirib ki, attestasiya olmadan inkişaf prosesi gedə bilməz: “Attestasiya hər hansı bir sahənin inkişafına səmərəli təsir göstərir. Bu gün Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif yaddaqalan tədbirlər, forumlar, müsabiqə və festivallar keçirilir. Bu müsabiqələrdə musiqi məktəblərinin şagirdləri iştirak edir. Müəllimlər şagirdlərinə sənətin sirlərini daha yaxşı mənimsədə bilsələr, onlar da bu müsabiqələrdə yüksək nailiyyətlər qazanarlar. Çünki sənət səhnəni, nümayişi sevir. Əvvəllər müəllimlərin şagirdlərə bilik aşılaması üçün lazım olan dərsliklər və dərs vəsaitləri olduqca az idi. Ancaq indiki dövrdə yeni-yeni dərs vəsaitləri nəşr olunur. Şəxsən özüm 20-yə qədər dərslik nəşr etdirmişəm. Hazırda aktual mövzulardan biri də ixtisasartırma kurslarını genişləndirməkdir. Bu sahədə elə mütəxəssislər var ki, onların təcrübələrindən bəhrələnmək lazımdır”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan pedaqoqların attestasiyanın keçirilməsinə ehtiyac olduğunu bildirib: “Bir sıra beynəlxalq və respublika müsabiqələrində münsiflər heyətinin üzvü və sədri kimi bilavasitə məktəblərin məzunları və şagirdlərlə ünsiyyətdə olur, onların ifalarını dinləyirəm. Bizim çox istedadlı tələbə və şagirdlərimiz var. Lakin onların bəzilərini dinləyəndə bilik və bacarıqlarının yetərli səviyyədə olmadığını görünür. Düşünürəm ki, bədii təhsil ocaqlarının birinci sinfindən başlayaraq bu istedadları düzgün inkişaf etdirmək lazımdır. Əgər müəllimin bacarığı və biliyi kifayət qədər deyilsə, bu uşaqlar nəinki öyrənmirlər, hətta onların gələcəyi sual altında qalır. Müəllimlərin professional səviyyəsini yüksəltmək lazımdır. İxtisasartırma kursları keçmək, mütəmadi ustad dərsləri təşkil etmək və s. vasitələrlə buna nail olmaq mümkündür. Mən ona görə attestasiyanın keçirilməsinə çox müsbət baxıram. Azərbaycanın ən təcrübəli müəllimləri bu prosesdə ekspert qismində iştirak edəcək. Mən və akademiyanın bütün müəllimləri var gücümüzlə bu işə köməklik göstərməyə hazırıq”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə 2025–2026-cı illər ərzində attestasiya keçiriləcək. İlk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur.