Dekabrın 16-da Xəzər Universitetində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar tədbir və yubiley münasibətilə elan edilən hekayə və esse müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir bədii hissə ilə başlayıb. Sonra universitetin tələbələri tərəfindən Füzulinin qəzəlləri qiraət edilib.

İştirakçılar Məhəmməd Füzuli irsinin təbliği və onun fəlsəfi məzmununun gənc nəslə aşılanması istiqamətində mövzulara toxunublar.

Tədbirdə çıxış edən Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, “Ədəbiyyat səyyahları” saytının təsisçisi professor Hamlet İsaxanlı Füzulinin Azərbaycan və dünya ədəbiyyatındakı rolundan danışaraq onun poetik dünyasının dərin fəlsəfi və irfani anlamlarla zəngin olduğunu bildirib. Qeyd olunub ki, Füzuli yaradıcılığı yalnız ədəbi mətnlər deyil, həm də insanın varlığı, eşq və mənəvi axtarışları haqqında dərin fəlsəfi suallara cavab axtarışı kimi dəyərləndirilməlidir.

Xəzər Universiteti Dillər və ədəbiyyat departamentinin müəllimi, “Ədəbiyyat səyyahları” saytının baş redaktoru Qardaşxan Əzizxanlı Füzuli irsində eşq və kamillik axtarışı mövzusundan bəhs edib. O, Füzulinin “Leyli və Məcnun” əsərindəki irfani eşq anlayışının İslam fəlsəfəsindəki kamillik konsepsiyası ilə bağlı olduğunu vurğulayıb. Bildirilib ki, Füzulinin eşqi yalnız romantik sevgi deyil, ilahi həqiqətə çatmaq yolunda mənəvi yüksəlişi ifadə edir.

Digər çıxış edənlər Füzulinin irfan dünyagörüşünün İbn Ərəbi, Şəhabəddin Sührəvərdi və digər Şərq mütəfəkkirləri ilə ideya yaxınlıqlarına diqqət çəkiblər. Vurğulanıb ki, Füzulinin yaradıcılığı Şərq irfan ənənəsinin Azərbaycan ədəbiyyatındakı ən parlaq təzahürlərindən biridir.

Sonda mövzu ilə bağlı elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb.