Azərbaycan Universitetinin nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir. Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova İtaliyanın Tuscia Universitetində keçirilən “beynəlxalq həftə”də iştirak edirlər.
Bir sıra ölkələrdən nümayəndələrin qatıldığı tədbirin ilk günündə iştirakçılara Tuscia Universitetinin “Erasmus+” proqramları çərçivəsində davam edən layihələri haqqında məlumat verilib. Həmçinin ikili diplom proqramları, “Erasmus qarışıq intensiv proqramları” (Erasmus Blended Intensive Programmes) və beynəlmiləlləşmə mövzularında müzakirələr aparılıb.
Tədbirin məqsədi universitetlərarası əməkdaşlığın və beynəlxalq təcrübənin gücləndirilməsidir. İştirakçılar müxtəlif ölkələrdən olan həmkarları ilə əlaqə quraraq təhsil və tədqiqat sahəsində birgə layihələrin əsasını qoyurlar.
Qeyd edək ki, Azərbaycan Universiteti İtaliyanın Tuscia Universiteti ilə 2023-cü ildən MBA proqramının marketinq istiqaməti üzrə ikili diplom proqramı həyata keçirir.