Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə beynəlxalq videokonfrans keçirilib

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar il ərzində çoxsaylı tədbirlər keçirilib.

Bu günlərdə həmin silsilədən daha bir tədbir – MDB dövlətlərinin milli və respublika uşaq kitabxanalarının iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub.

Tədbirin məqsədi qeyd olunan ölkələrin müvafiq kitabxanalarının iştirakı ilə ekoloji təhsil sahəsində təcrübə və innovativ yanaşmaları müzakirə etmək, həmçinin yeni nəsillərdə ekoloji mədəniyyətin formalaşmasına töhfə verməkdir.

“Kitabxana və ekoloji təhsil: nəzəriyyə və təcrübə” adlı konfransda Azərbaycan, Rusiya, Belarus və Qırğızıstandan kitabxana nümayəndələri iştirak ediblər.

Konfransda “Uşaq və gənclərin ekoloji mədəniyyəti”, “Sağlamlıq və ekologiya”, “Cəmiyyətdə uşaq kitabxanalarının yeri və rolu” və s. mövzular üzrə müzakirələr aparılıb.

Konfransa qatılan uşaq kitabxanaları fəaliyyətləri ilə əlaqədar videogörüntülər təqdim ediblər.